Ruslan Abışov: Müsahibəmə görə çox təəssüfləndim – MÜSAHİBƏ
12.08.2013 - 19:01
Ruslan Abışov: Müsahibəmə görə çox təəssüfləndim – MÜSAHİBƏ
Azərbaycan millisinin və “Rubin”in futbolçusu Ruslan Abışov jurnalistlər üçün brifinq keçirib. Yarımmüdafiəçi bu gün millimizin açıq məşqi zamanı apasport.az saytının da suallarını cavablandırıb.

- Millinin təlim-məşq toplanışı necə keçir?
- Yaxşı. Bu gün Malta ilə yoldaşlıq görüşünə hazırlıq məqsədilə yığışmışıq. Düzdür, son oyunumuz olan Lüksemburqla matçdan sonra vəziyyətimiz o qədər də yaxşı deyildi. Ancaq artıq həmin matçı unutmuşuq, bu oyuna hazırlaşırıq. İnanıram ki, avqustun 14-də keçiriləcək matçda daha yaxşı çıxış edərək, azarkeşlərimizi az da olsa sevindirəcəyik.

- Malta ilə yoldaşlıq görüşü bizə nə verəcək?
- Əsas önəmli olan beynəlxalq oyun olmağı, futbolçuların təcrübə qazanmağıdır. Mənə elə gəlir ki, İsrail ilə rəsmi oyun öncəsi futbolçularının son durumunun necə olmağı hamımız üçün maraqlı olacaq.

- “Rubin”də oyun praktikanın az olmağı öz sözünü deyə bilər, yoxsa əksinə özünü göstərməyinə daha çox stimul olmalıdır?
- Şükürlər olsun ki, mənim üçün hər şey yaxşı oldu. Avstriyada yaxşı hazırlıq keçdim, yoldaşlıq matçlarında oynadım. Ancaq ən əsas odur ki, özümü yaxşı hiss edirəm, özümə güvənirəm. İnşallah, Malta ilə oyunda əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.

- “Neftçi”nin “Rəvan”la oyunu birincilərin prezidenti Sadıq Sadıqovla birgə tribunadan izlədiniz. Ola bilərmi ki, yaxın gələcəkdə keçmiş komandanıza qayıdasınız?
- Yox. Ümumiyyətlə, “Rubin”də hər şey məni qane edir. Bu komandada olmaq mənim üçün xoşdur, orda xoşbəxtəm. Ancaq yaxın gələcəkdə Azərbaycana qayıtmağı fikirləşmirəm. Məqsədim orda əsas heyətə düşüb, daha yaxşı yerlərə getməkdir.

- Lüksemburqla rəsmi oyundan sonra azarkeşlərin ünvanına dediyin sözlərdən sonra onlar səndən incik düşüb. İndi onlara sözünüz nədir?
- Düzdür, Lüksemburqla oyundan sonra çox əsəbi idim, emosional danışdım. Bundan sonra müsahibəmə baxdım, çox təəssüf hissi keçirdim. Dediklərimə görə peşman idim. Haqlı olaraq medianın, azarkeşlərin tənqidi ilə üzləşdim. Ancaq məncə, bu, futboldur, hirsli olmuşam, fikirlərini düzgün çatdıra bilməmişəm. Çalışacam ki, qarşıdakı matçda yaxşı oyunla, ən azından qol vurmaqla azarkeşlərlə aramda olan münasibəti daha yaxşı edim.

Mehman SÜLEYMANOV