Rauf Əliyev: Əgər Malta Ermənistanda qalib gəlibsə...
12.08.2013 - 19:18
Rauf Əliyev: Əgər Malta Ermənistanda qalib gəlibsə...
“Millidə hər şey mənim üçün yaxşıdı. Lüksemburqla matçdan sonra ilk dəfə yığışmışıq və qarşıdakı oyunu fikirləşirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının futbolçusu Rauf Əliyev deyib.

Cəzalı olduğundan bir müddət yığmadan kənarda qalan Əliyev millimizin bugünkü açıq məşqi zamanı jurnalistlərin suallarını cavablandırıb.

Yenidən millidə olduğuna görə sevinən Rauf avqustun 14-də Malta ilə Bakıdakı yoldaşlıq görüşünə ciddi hazırlaşdıqlarını bildirib: “Bu, beynəlxalq yoldaşlıq görüşüdür və qələbə qazanmağa çalışacağıq. Belə götürəndə, indi zəif rəqib yoxdur. Hamı bilir ki, dünyada bütün ölkələr futbol oynamağı bacarır. Malta yığması bizim səviyyədə bir komandadı. Ola bilər ki, bir az onlardan üstün olaq. Rəqib haqda o qədər də çox məlumatımız yoxdur. Əgər Malta Ermənistanda qalib gəlibsə, deməli, güclü rəqibdir, yaxşı oyun göstərə bilir. Buna görə də ciddi hazırlaşmalıyıq. Başqa çıxış yolumuz yoxdur”.

Əliyev çempionatımızın son turunda AZAL-a uduzduqları oyunda qaçırdığı qol imkanına görə psixoloji gərginlikdə olmadığını deyib: “Epizodlar deyəndə ki, mənim yalnız bir qol imkanım oldu. Onda da qapıçı yaxşı oynadı, topu çıxardı. Bu, mənim üçün elə də problem deyil. Həmin oyunu yaddan çıxartmışam, millinin matçına hazırlaşıram”.

Mehman SÜLEYMANOV