Belfastda millimiz üçün vacib oyun
13.08.2013 - 14:03
Belfastda millimiz üçün vacib oyun
Sabah 2014-cü il dünya çempionatının seçmə mərhələsində Avropa zonasında yalnız 1 oyun olacaq. Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan milli komandasının yer aldığı F qrupunda Şimali İrlandiya və Rusiya yığmaları arasında matçdır.

Əslində, avqustun 14-ü Avropada rəsmi oyunlar yox, yoldaşlıq görüşləri üçün nəzərdə tutulub. Sadəcə, daha əvvəl keçirilməli olan Belfastdakı matç hava şəraiti üzündən baş tutmadı. Nəticədə oyunun tarixi həmin günə salınmalı oldu.

Bakı vaxtilə saat 23:45-də başlayacaq oyun bizim üçün turnir cədvəli baxımından önəm daşıyır. Belə ki, hazırda qrupda 4-cü yerdə olan yığmamız ən yaxın izləyicisi olan Şimali İrlandiyanı 1 xal qabaqlayır. Deməli, britaniyalılar son anda məğlubiyyətdən qaçdıqları millimizi qabaqlamaq imkanına malikdir. Rəqib hətta heç-heçə edib xallarını bərabərləşdirərsə, buna nail olacaq. Çünki Şimali İrlandiyanın top fərqi bizdən yaxşıdır. Buna görə rusların qələbəsinə azarkeşlik etməliyik. Qonaqlar qələbəni bayram edərsə, qrup liderliyini qaytarıb, dünya çempionatına birbaşa yollanmaq şansını xeyli yaxşılaşdıracaq.