İcraiyyə Komitəsində “icrakom” müzakirəsi
13.08.2013 - 15:08
İcraiyyə Komitəsində “icrakom” müzakirəsi
Sabah AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, saat 11:00-da assosiasiyanın inzibati binasına yığışacaq qurum üzvləri bir neçə məsələni müzakirə edəcək.

Belə ki, gündəlikdə duran 1-ci məsələ I diviziondan Topaz Premyer Liqasına necə komandanın yüksəlməsinin müəyyənləşdirilməyidir.

Son illərdə aşağı dəstədən 2 komanda yüksək liqaya çıxmaq hüququ qazansa da, AFFA-dan lisenziya ala bilmədiklərinə görə bundan məhrum olurlar. Bu mövsümdən isə güclülər dəstəsində 12 yox, 10 komanda iştirak edir. Ordan aşağı 1, yoxsa 2 komandanın düşəcəyi hələ dəqiqləşməyib. Əgər I divizion təmsilçiləri lisenziyalaşdırma məsələsinə ciddi önəm verməsələr, ümumiyyətlə, bir müddətlik yüksək liqaya çıxan olmayacaq.

İkinci məsələ Topaz Premyer Liqasında çıxış edən bütün klublarda Müşahidə Şurasının və ya İcraiyyə Komitəsinin yaradılmasının müzakirəsidir. Bu təklif haqda AFFA-nın baş katibi Elxan Məmmədov iyulun 22-də jurnalistlərin peşə bayramını təbrik edərkən bildirmişdi. Yəni assosiasiyamız özündə olduğu kimi, klublarda da belə qurumun yaradılmağını və orada ən azı 1 veteran futbolçunun olmağını istəyir.

AFFA tərəfindən 2013-cü ilin martında pilot layihəsi kimi keçirilmiş U-19 Liqasının hesabatı və AFFA-nın U-19 Liqasının yaradılmasının müzakirəsi və digər məsələlər də gündəliyə daxil edilib.