Reynaldo: ...“Ayntraxt”a da qol vuracam
14.08.2013 - 11:23
Reynaldo: ...“Ayntraxt”a da qol vuracam
“Qarabağ”ın futbolçusu Reynaldo Silvanın apasport.az saytına müsahibəsi

- Avrokubokların cari mövsümündə uğurla çıxış edən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” artıq 3 mərhələni arxada qoyub. Pley-offda isə rəqib Bundesliqada mübarizə aparan “Ayntraxt” olacaq. Bu komanda ilə qarşılaşmalar haqda nə düşünürsüz?
- Açığı, bu barədə çox fikirləşmirəm. Çünki həftəsonu çempionatın 3-cü turunda “Xəzər Lənkəran”la oynayacağıq. İndi əsas məqsədimiz həmin oyuna köklənməkdir.

- Komandanız Topaz Premyer Liqasına ardıcıl 2 qələbə ilə başlayıb. “Xəzər Lənkəran”la görüşdə də bu uğurun davamını gətirmək mümkün olacaqmı?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Düzdür, arxada qalan 2 turu qələbə ilə başa vurduq. Lakin biz bundan da yaxşı oynamağa can atırıq.

- “Qarabağ”la yanaşı, “Neftçi” və “Qəbələ” də mövsümə itkisiz başlayıb. Əsas rəqiblərinizdən olan bu komandaların oyununu görmüsüzmü?
- Həmin komandalar cari mövsümdə çox güclüdürlər. Bu isə o deməkdir ki, möhtəşəm mübarizənin şahidi olacaqsız. Bizim daha böyük çempionluq istəyinə malik olmağımız həlledici rol oynaya bilər.

- Ötən mövsüm çempionluq arzularınıza “Neftçi” mane oldu. Bununla belə, indiki “Qarabağ” daha güclü təsir bağışlayır...
- Düzdü, çox yaxşı komandamız var. Biz bir ailəyik. Əslində, ötən mövsümdə də sıx birləşmiş komanda idik. Lakin indi çox yaxşı yeni oyunçular da bizə qoşulub. Onlar Komandamızı daha da gücləndiriblər.

- Son 3 mövsümün çempionu olan “Neftçi” ən yaxşı bombardiri Nikolas Kanalesi də itirib. Əsas rəqibinizin bunun hesabına zəiflədiyini düşünmürsünüz ki?
- “Neftçi” Kanalessiz də çox güclüdür. Eləcə də, “Qəbələ”.

- Hazırkı liderlər – “Neftçi”, “Qarabağ” və “Qəbələ”dən başqa çempionluq mübarizəsinə qoşula biləcək komanda görürsüzmü?
- “İnter”i də yaddan çıxarmaq olmaz. Düzdür, çempionat hələ yeni başlayıb və qarşıda çox oyun var. Lakin məncə, çempionluq mübarizəsində 4 favorit var.

- “Xəzər Lənkəran”la oyundan nə gözləyirsiz?
- Çox çətin olacaq.

- “Qarabağ”ın qollarının çoxunu yarımmüdafiəçilər vurur. Bunu nə ilə izah edərdiz?
- Biz hər oyunda çox sayda qol imkanları yaradırıq. Qolu kimin vurmasının o qədər də fərqi yoxdur. Əsas qalib gəlməkdir.

- Yarımmüdafiəçi olsanız da, cari mövsüm məhsuldarlıq nümayiş etdirirsiz. Avropa Liqasında 4, Premyer Liqada 2 dəfə fərqlənmisiz. Hücumçularımızın da həsəd apara biləcəyi məhsuldarlığı nə ilə izah edirsiz?
- Daha çox məşq edirəm. Məhsuldarlığım da bunun sayəsindədir.

- Azərbaycana gələnədək avrokuboklarda cəmi 1 qol vurmuşdunuz. Onu da “Serkl Brügge”də. “Qarabağ”da isə artıq 4 topun müəllifi olmusuz. Bu göstəricini artıra biləcəksiz?
- Bəli, avrokuboklardakı qol sayımı artıracağıma ümid edirəm. Mənim istəyim hədsizdir.

- “Ayntraxt”a da qol vuracağınıza inanırsınız?
- Mən hər şeydən öncə Allaha inanıram. Ümid edirəm ki, “Ayntraxt”a da qol vuracağam.