AFFA-dan sığorta ittihamına cavab
13.09.2013 - 13:25
AFFA-dan sığorta ittihamına cavab
“AFFA tərəfindən hər ay orta hesabla 75-80 min manat məbləğində məcburi sosial sığorta haqqı və digər müvafiq vergilər mütəmadi olaraq təyinatı üzrə ödənilir”. Bunu apasport.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov ölkə mətbuatına açıqlamasında Azərbaycan mənbələrindən gəlir əldə edən bütün şəxslərin qeydiyyata düşməsinin, habelə, ölkəmizdəki bütün legioner idmançıların məcburi sosial sığorta haqqı ödəməli olmasının vacibliyini bildirib.

Müslümov Azərbaycan yığmasının baş məşqçisi olan Berti Foqtsun qeydiyyata düşmədiyini söyləyib: “Bununla belə əksər idmançılar qeydiyyatda var və sosial sığorta haqqı ödəyirlər”.

DSMF sədrinin fikirlərinə hörmətlə yanaşdığını bildirən Nərimanoğlu əməkdaşımızla söhbətində qeyd edib ki, qarşılıqlı razılığa əsasən AFFA ilə Fondun mütəxəssisləri məsələni araşdıracaq: “Bu sahədə hər hansı bir nöqsan üzə çıxarsa, müvafiq qaydada ilin sonuna qədər öz həllini tapacaq”.