“Dənizlispor” adını dəyişir
13.09.2013 - 13:33
“Dənizlispor” adını dəyişir
Həmyerlilərimiz Arif İsayevlə Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” adını satışa çıxartmaq məcburiyyətində qalıb. Apasport.az saytının məlumatına görə, I divizionda mübarizə aparan və ciddi maliyyə sıxıntısı yaşayan klub bu yolla borclarının bir qismini qarşılamağı düşünür. Artıq bunun üçün real namizəd də var. Dənizli təmsilçisinin rəsmilər sponsorluq anlaşması üçün Tekden xəstəxanasına müraciət ediblər.

Klubun mətbuat xidmətinin rəhbəri Yasin Özbək yerli mətbuata açıqlamasında tibb müəssisəsi ilə anlaşmağa yaxın olduqlarını bildirib: “Razılığa gələ bilsək, “Tekden Dənizlispor” olacağıq. Buradan əldə edəcəyimiz vəsaitlə borclarımızı yüngülləşdirəcəyik”.

Qeyd edək ki, “Dənizlispor” növbəti oyununu sabah keçirəcək. İsayevlə Yunisoğlunun komandası IV tur çərçivəsində “Samsunspor”u qonaq edəcək.