“Neftçi”də hamı mənim qol vurmağıma sevinir” - MÜSAHİBƏ
13.09.2013 - 15:45
“Neftçi”də hamı mənim qol vurmağıma sevinir” - MÜSAHİBƏ
“Neftçi” klubunun hollandiyalı hücumçusu Melvin Platyenin apasport.az saytına müsahibəsi

- Ötən tur “Bakı”ya böyük hesablı məğlubiyyətdən sonra komandanıza 3 xal lazım idi. “İnter”lə oyunda qələbə qazanmaqla bunu qismən unutdurdunuz...
- Elədir. İki tur qələbə qazana bilmədik. 3 xal bizə çox lazım idi. İlk hissədə biz çox yaxşı oynadıq. Çoxlu qol vurmaq şanslarımız oldu. İkinci hissədə bir qədər zəif tempdə çıxış etdik. Rəqib daha çox üzərimizə gəlməyə başladı. Bununla belə, biz qələbə qazanmağı bacardıq. Düşünürəm ki, 3:1 hesabı bizim üçün yaxşı nəticədir.

- “İnter”lə oyun həm də sizin üçün ona görə əlamətdar oldu ki, ilk qolunuzu vurdunuz.
- Bəli, “Neftçi”də ilk qolumu vurdum. Buna görə sevinc içindəyəm.

- Həmin qolla bağlı nə deyə bilərsiniz?
- Penalti zərbəsini vurmağı Rəşad Sadiqov və Flavinyo istədi. Onlar topu mənə verdi ki, ilk qolumu vurum. Buna görə onlara təşəkkürümü bildirirəm. Mən də etimadı doğruldaraq rəqib qapısına qol vura bildim. İndi “Neftçi”də hamı mənim qol vurmağıma sevinir.

- Bundan sonra “Neftçi” azarkeşlərinə söz verə bilərsiniz ki, qollarınızı sıralayacaqsınız?
- Mən heç vaxt nəyisə söz verməyi xoşlamıram. Arxı keçməmiş “hop” demək olmaz. Ancaq deyə bilərəm ki, hazırda formadayam və bundan sonra da fərqlənməklə “Neftçi” azarkeşlərini sevindirməyə çalışacağam. Çünki ilk qolumu vurmağım mənim üçün böyük stimul oldu.

- Hollandiyanın NEK klubunda komanda yoldaşınız olmuş Leroy Corcla əlaqə saxlayıb görüşürsünüz?
- Bəli, bəzən vaxt tapanda onunla görüşürük. Düşünürəm ki, “Qarabağ” çempionatda əsas rəqiblərimizdən olsa da, onunla görüşməyim normal haldır. Axı, biz Hollandiyada bir yerdə oynamışıq.

- Növbəti turda Sumqayıtda eyniadlı komanda ilə qarşılaşacasınız. Bu oyunla bağlı nə deyə bilərsiniz?
- Bildiyimə görə, bu komanda elə də zəif deyil. Heyəti gənclərdən təşkil olunsa da, güclü komandalara badalaq vurmağı bacarır. Ancaq biz çalışacağıq ki, “İnter” qələbəsinin davamını gətirək. Turnir cədvəlində müvəqqəti 1-ci pillədəyik. Elə etməliyik ki, bu pillə bizim üçün daimi olsun.

Səbuhi TOFİQOĞLU