“Heç vaxt ümidsizliyə qapılmamışam”
16.09.2013 - 17:00
“Heç vaxt ümidsizliyə qapılmamışam”
“Qəbələ”nin futbolçusu İbrahima Niassenin apasport.az saytına müsahibəsi

- AZAL-la oyunda məğlub duruma düşsəniz də qələbə qazandınız. Matçla bağlı düşüncələrinizi nədən ibarətdir?
- Bizim üçün vacib oyun idi. Matça yaxşı başlamadıq. Buna görə də rəqib qol vurdu. Sonra vəziyyəti xeyrimizə dəyişməyi bacardıq. Nəticədə fasiləyə qalib yollandıq. İkinci hissədə isə hesabı qoruduq. Onu da deyim ki, ikinci 45 dəqiqə bizim üçün daha çətin keçdi. Çünki rəqiblə müqayisədə bir nəfər azlıqda oynayırdıq. Buna rəğmən, hesabdakı üstünlüyümüzü sona qədər qorumağı bacardıq və qələbə qazandıq.

- “İnter”də dayaq yarımmüdafiəçisi kimi çıxış etsəniz də, Yuri Syomin sizə müdafiənin mərkəzində yer verir. Fərqli mövqelərdə oynamağınız çıxışınıza necə təsir edir?
- Bu heç bir problem yaratmır. Futbolçuyam, baş məşqçi hansı mövqedə şans versə, orada da çıxış edəcəm. Əsas olan onun verdiyi tapşırığı düzgün yerinə yetirməkdir.

- Mövqe dəyişikliyinə rəğmən, AZAL-la oyunda meydanda ən yaxşılardan idiniz…
- Çalışıram, cəhd edirəm ki, komandama faydalı olum. Yarımmüdafiədə, yoxsa müdafiədə yer almağımın elə də fərqi yoxdur. Etiraf edim ki, dayaq yarımmüdafiəçisi mövqeyində oynamaq daha yaxşıdır.

- Qeyd etdiniz ki, azlıqda qaldıqdan sonra rəqib hücumlarını intensivləşdirdi. Həmin an ümidsizliyə qapıldınızmı?
- Heç vaxt ümidsizliyə qapılmamışam. Bəli, 10 nəfərlə 11 nəfərə qarşı oynamaq çox çətindir. Çünki belə olan təqdirdə hamımız geri çəkilməli, müdafiə olunmalıyıq. Çətindir, amma mümkünsüz deyil.

- “Qəbələ” bu cür çıxışla qarşıya qoyulan minimum vəzifənin - avrokuboklara çıxmaq tapşırığının öhdəsindən gələ biləcəkmi?
- İndi bu haqda danışmaq çox çətindir. Çempionatın cəmi 6 turu arxada qalıb. Birinci dövrə başa çatdıqdan sonra hansısa qənaətə gəlmək olar.

- Bu yolda əsas rəqibləriniz olan komandaların çıxışı hansı təəssürat oyadıb?
- Bütün oyunlar çətin keçir. İddialı komandaların sayı artıb və hər biri çempion olmaq istəyir. Ona görə də oyunlara ciddi yanaşmaq lazımdır.

- Arxada qalan 6 oyundan hansı çətinliyi ilə yadda qalıb?
- Bilirsiz, vacib olan öz oyununu oynamaqdır. Bütün görüşlər çətin keçib. Ona görə də bütün gücünü meydanda qoymalısan. Əgər hər oyunda imkanlarımızdan 100 faiz istifadə edə bilsək, qələbələri sıralaya bilərik.