Rövnəq Abdullayev mükafat məsələsinə aydınlıq gətirdi: Yalandır!
16.09.2013 - 17:27
Rövnəq Abdullayev mükafat məsələsinə aydınlıq gətirdi: Yalandır!
“Millimizin futbolçularına 60 min dollar verilməsi haqqında yazılanlar yalandır. Bizim oyunçular İsraildə çox yaxşı çıxış etdilər. Ancaq onlar pula görə yox, vətənə, xalqa görə oynayırdılar”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Bu gün Bakıda Xətai rayonu ərazisində yerləşən Ali Neft Məktəbinin yeni tədris ilinin açılış mərasimi keçirilib. Həmin mərasimdən sonra Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

Suallardan biri İsrail millisi ilə 1:1 hesablı bərabərlikdən sonra millinin əsas heyət üzvlərinə verilən pul mükafatı ilə bağlı olub. Start “11-lik”də yer alan oyunçuların hər birinə təxminən 60 min dolların verilməsi ilə bağlı deyilənlərə ilk dəfə AFFA prezidentindən reaksiya gəlib: “Futbolçularımız İsrail yığması ilə oyunda qələbə qazana da bilərdi. Ancaq şanslarından yararlana bilmədilər. Bununla belə, heç-heçəyə görə onlara pul mükafatı verdiyimiz doğrudur. Ancaq hər bir futbolçuya çatacaq mükafatın həcminin 60 min dollar olması yalan söhbətdir”.