İstanbulda rekord
17.09.2013 - 07:52
İstanbulda rekord
Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun bu gün keçiriləcək “Qalatasaray” – “Real” oyunu rekordla əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Türkiyənin İstanbul şəhərində baş tutacaq qarşılaşmada qonaq komandanın baş məşqçisi Karlo Ançelotti Avropa rekorduna imza atacaq.

Belə ki, İspaniya təmsilçisinin çalışdırıcısı karyerasında 6-cı klubu Çempionlar Liqasında meydana çıxaracaq. Bunadək İtaliyada “Parma”, “Yuventus”, “Milan”, İngiltərədə “Çelsi”, Fransada PSJ-ni qitənin ən nüfuzlu klub turnirində meydana çıxaran Ançelotti bununla da mütləq rekordçu olacaq.

Qeyd edək ki, bu oyunun start fitinədək italiyalı mütəxəssis 5 klubu yarışa çıxaran Rafael Benites, Ronald Kuman, Klaudio Ranyei ilə şərikli rekordçudur. Joze Mourinyo, Mirça Luçesku, Fabio Kapello və Manuel Pelleqrini isə buna 4 klubla nail olub.