21 il əvvəl
17.09.2013 - 11:15
21 il əvvəl
Bu gün Azərbaycan milli komandası üçün əlamətdar tarixdir. Apasport.az saytının məlumatına görə, yığmamız tarixinin ilk rəsmi matçını məhz sentyabrın 17-də keçirib. Həmin qarşılaşma ilə öz tarixinə start verən millimiz bu gün ilk matçın 21 illiyini qeyd edir.

1992-ci ildə Azərbaycan futbolu müstəqil addımlarını atmağa başlamışdı. Elə həmin il təşkil olunan yığmamız Əhməd Ələsgərovun rəhbərliyi altında “siftə” etmək üçün qonşu Gürcüstana yollanmışdı.

Gürcüani şəhərində məşhur David Kipianinin adını daşıyan stadionda millimiz ilk sınağına çıxmışdı. Gürcüstan yığması ilə qarşılaşma komandamız elə yerli hakim Quram Sepiaşvilinin start fiti ilə öz müstəqil tarixinə başladı. O vaxtadək SSRİ, sonra MDB yığmasına azarkeşlik edən azərbaycanlı futbolsevərlər 21 il əvvəl öz doğma komandasına dəstək vermək imkanı qazandı. 3000 azarkeşin izlədiyi qarşılaşma məhsuldarlığı ilə diqqət çəkdi və 9 qolla tarixə düşdü.

İlk görüşündə 3:6 hesabı ilə uduzan yığmamızın böyükhesablı məğlubiyyətinin təməli David Kizilaşvilinin 20-ci dəqiqədəki qolu ilə başladı. Yığmamızın tarixinin ilk qolu isə 42-ci dəqiqədə gəldi. Komandanın kapitanı Nazim Süleymanov matçda bərabərlik qoluna imza atmaqla yığmamızın tarixinə ilk müəllifi kimi düşdü. Millimizin növbəti qolu hesab 1:5 olarkən vuruldu. Bu dəfə Vidadi Rzayev fərqləndi. Matçda son nöqtəni də kapitan qoymuşdu. Hücumçumuz 85-ci dəqiqədə penaltidən dublu rəsmiləşdirmişdi.