Erik Ramos: “Sumqayıt”a qarşı oyunda meydana çıxa bilməyəcəyəm
17.09.2013 - 15:41
Erik Ramos: “Sumqayıt”a qarşı oyunda meydana çıxa bilməyəcəyəm
“Ötən mövsüm “Sumqayıt” ilə səfər matçında uduzmuşduq. Bu bir daha onu göstərir ki, rəqibi qiymətləndirməmək olmaz”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin dayaq yarımmüdafiəçisi Erik Ramos deyib.

26 yaşlı paraqvaylı futbolçu Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçiriləcək “Sumqayıt”la oyun haqqında klubunun rəsmi saytına danışıb. Ramos ötən mövsüm bu rəqibə uduzduqlarını xatırladıb: “Sumqayıt” gənc futbolçulardan təşkil edilmiş güclü komandadır. Düzdür, mən cəzalı olduğum üçün bu oyunda meydana çıxa bilməyəcəyəm. Bununla belə, “Neftçi”də mənim mövqeyimdə layiqincə çıxış edə biləcək futbolçular var. Məşqçilər korpusunun kimə şans verəcəyindən asılı olmayaraq, məqsədimiz qələbə qazanmaqdır. İnanıram ki, komanda yoldaşlarım gözəl oyun nümayiş etdirib azarkeşlərimizə qələbə sevinci yaşadacaq”.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu bazar günü keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq oyunun başlanma saatı 16:00-dır.