“Azərbaycanla ikinci görüşdə daha güclü oynayacağıq”
18.09.2013 - 09:10
“Azərbaycanla ikinci görüşdə daha güclü oynayacağıq”
“Azərbaycan millisi ilə oyunda yetirmələrimin çıxışından tam razı qalmadım”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Portuqaliya millisinin baş məşqçisi Jorje Braz deyib.

Portuqaliya ilə yığmamız arasında dünən keçirilən yoldaşlıq görüşündən sonra mətbuat konfransı keçirən Braz bugünkü qarşılaşmada daha yaxşı oynayacaqlarına söz verib: “Oyun adi qaydada keçdi. Etiraf etmək lazımdır ki, biz qərar qəbul etməli olan epizodlarda çox qərarsızlıq nümayiş etdirdik. Ancaq söz verirəm ki, Azərbaycanla ikinci görüşdə daha güclü oynayacağıq”.

Qeyd edək ki, Portuqaliya ilə millimiz arasında dünən Fundan şəhərində keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Tərəflər arasında təkrar oyun Kaştelu-Branku şəhərində baş tutacaq. Qarşılaşma bizim vaxtla yenə saat 23:30-da başlayacaq.