“Türkiyə kubokunda onu oynadacağıq” - MÜSAHİBƏ
18.09.2013 - 10:40
 “Türkiyə kubokunda onu oynadacağıq” - MÜSAHİBƏ
Türkiyənin “Fəthiyəspor” klubunun baş məşqçisi Mustafa Cevizin apasport.az saytına müsahibəsi

- Öncə sizi ötən tur “Bucaspor”u 4:0 yenib ilk qələbə qazanmağınız münasibətilə təbrik edirik. Təbii ki, bizi maraqlandıran əsas məsələ azərbaycanlı futbolçu Davud Kəriminin Türkiyədə çıxışıdır. Onun transferi bilavasitə sizin istəyinizlə baş tutub?
- Təbrikə görə sağolun. Davud Kərimini Ankaradan olan qapıçılar üzrə işləyən sabiq məşqçim bizə tövsiyə etmişdi. Biz də onu Fəthiyəyə dəvət etdik. Həmin vaxt Superliqa klubu “Antalyaspor”la yoxlama oyunumuz vardı. Biz Davuda dedik ki, həm səni baxışdan keçirməyə vaxtımız yoxdur, həm də səni yaxşı tanımırıq. “Antalyaspor”la oyunda səni yoxladaq, bundan sonra qərarımızı verək. Mən həmin matçda onu 1 hissə oynatdım. Belədə bu qarşılaşmaya əsasən onu bəyənib müqavilə imzalamaq qərarımızı verdik.

- Həmin oyunda qapısından top buraxmadı?
- Bir dənə topu qapısında gördü. “Antalyaspor”un braziliyalı hücumçusu Tita cərimə zərbəsindən ona qol vurdu. Ancaq insafən həmin standard zərbə zamanı Davudun səhvi yox idi. Qapıçı üçün o topu qaytarmaq çətin idi. Tita topu gözəl vurmuşdu. 10 ilə yaxındır bu futbolçu Türkiyədə çıxış edir. Onun səviyyəsi hamıya bəllidir. Ümumilikdə Davud həmin oyunda yaxşı çıxış etdiyinə görə onunla 2 illik müqavilə bağladıq.

- Deyəsən, onu bir oyuna əsasən bəyənib götürdüyünüzə görə indi peşmansınız...
- Yox, peşman deyiləm. Biz “Ərciyəsspor”dan qapıçı Onur Bilgini almışdıq. Onun komandası ötən mövsüm Superliqaya çıxdı. Onur Davuddan daha əvvəl komandaya qoşulmuş və düşərgədə məşqlərimizdə iştirak etmişdi. Ona görə də çempionatın ilk 2 oyununda Onuru oynatdım. Bundan başqa, 1 oyunda “Şanlıurfaspor”dan Zəkəriya Topayana qapını həvalə etdim. Davud isə oynamasa da, 2 oyunda “18-lik”də ehtiyat qapıçı kimi yer aldı. Önümüzdəki həftə Türkiyə kubokunun oyunu var. “Kızılcabölükspor”la görüşdə Davudu oynadacağıq. Onu oynadaraq daha yaxşı çıxış etməsini istəyirik.

- Ancaq onu alarkən deyəsən ehtiyat qapıçı kimi düşünmüsünüz. Yoxsa çempionatda oynadardınız...
- Bizdə 3 qapıçı yox idi. Biz onu bəyənəndə fikirləşdik ki, özünü yaxşı göstərsə “1”, göstərməsə, “2” nömrə olar.

- Ötən turda onun adını heyətə ümumiyyətlə daxil etmədiniz. Bunun səbəbini deyə bilərsiniz?
- Biz “Antalyaspor”la Superliqada oynamış Sammi Ncoku almışıq. Kamerun millisinin ikinci qapıçısıdır. Onu alarkən klub prezidenti ilə məsləhətləşib qərar verdik ki, qapımızı daha etibarlı etməliyik.

- Artıq 4 qapıçınız var. Onda qışda bu qolkiperlərdən biri ilə yolların ayrılacağını söyləmək mümkündür?
- Yanvara kimi 4 qapıçı ilə davam edəcəyik. Qışda durumlarına baxacağıq. Buna əsasən qərar verəcəyik.

- Davud məşqlərdə özünü necə göstərir?
- Yaxşıdır. Ancaq Azərbaycanda yaxşı məşq keçmədiyi hiss olunur. Bunu mənə qapıçılar üzrə işləyən məşqçimiz söyləyib. Burda daha yaxşı məşq edir.

- Bayaq dediniz ki, qapıçılarla işləyən sabiq məşqçiniz onu tövsiyə edib. O, Davudu hardan tanıyırdı ki?
- Mehmet Arslan hazırda “Karabükspor”un 2-ci komandasının məşqçisidir. Ona Davudu menecerlər tövsiyə etmişdi. Demişlər ki, Azərbaycandan bir qapıçı var, Türkiyədə oynamaq istəyir. Qapıçı axtaran klub varsa, kömək edin. Belə olub o da mənə zəng etmişdi.

Səbuhi TOFİQOĞLU