İstanbulda üzücü gecə: Bir fanatın beyninə qan sızdı, ikisi infarkt keçirdi
18.09.2013 - 12:21
İstanbulda üzücü gecə: Bir fanatın beyninə qan sızdı, ikisi infarkt keçirdi
“Qalatasaray”ın Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə rüsvayçı məğlubiyyətlə başlaması azarkeş ölümünə səbəb olub. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin evdə Madrid “Real”ına 1:6 hesablı yenilgisini həzm edə bilməyən türkiyəli fanatın beyninə qan sızıb. Matçı “TT Arena”nın Şərq tribunasından izləyən bir şəxs elə oradaca dünyasını dəyişib.

Həmçinin, Türkiyə mətbuatında yer alan xəbərlərdə məğlubiyyətdən pərişan olan iki azarkeşin infarkt keçirdiyi, bir qrup fanat arasında isə dava düşdüyü qeyd olunur.

Qeyd edək ki, “Qalatasaray” dünən gecə ÇL-in qrup mərhələsinin ilk oyununda Madrid “Real”ına 1:6 hesabı ilə uduzub. İstanbulda keçirilən görüşdə meydan sahiblərinin təsəlli qoluna Umut Bulut imza atıb. “Kral klubu”nun heyətində isə Kriştianu Ronaldo 3, Kərim Benzema 2, İsko 1 dəfə fərqlənib.