“Bu oyunla bağlı bəhanə axtarmaq olmaz”
19.09.2013 - 17:11
“Bu oyunla bağlı bəhanə axtarmaq olmaz”
“Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem apasport.az saytına müsahibəsi

- Şənbə günü “Simurq”la qarşılaşacaqsınız. Oyuna hazırlıq necə gedir?
- Yaxşı hazırlıq prosesi keçirik. Son iki oyundan cəmi bir xal qazanmışıq. Qələbə qazanmalıyıq. Xal itirmək olmaz. Liderliyimizi davam etdirmək üçün mütləq xal xalla ayrılmalıyıq.

- Son 2 oyundan danışdınız. Araşdırdınızmı, uğursuzluğa səbəb nədir?
- AZAL-la oyunda yorğun idik. Çünki “Ayntraxt”la səfər matçından dönmüşdük. “Rəvan”la qarşılaşma isə istədiyimiz kimi alınmadı. Qol buraxana qədər yaxşı oynayırdıq. Üstünlük tərəfimizdə idi. Bir neçə qol imkanı da yaratmışdıq. Lakin istifadə edə bilmədik. Əvəzində rəqib bundan maksimum yararlandı. Bu oyunla bağlı bəhanə axtarmamalıyıq. Çünki yığmanın oyunları ilə əlaqədar yaranmış fasilə zamanı yaxşı dincəlmişdik. Yaratdığımız epizodlardan istifadə edə bilsəydik, nəticə fərqli olacaqdı. Təəssüf ki, bunu edə bilmədik.

- Amma “Qarabağ”ın hücum xətti kifayət qədər güclüdür. Belə olan təqdirdə niyə qol vura bilmirsiniz?
- Bəzən istədiyin kimi alınmır. Həmin gün də çoxsaylı qol epizodlarını realizə edə bilmədik. İnşallah, bu sonuncu belə oyunumuz kimi yadda qalacaq. Baş verənlərdən nəticə çıxaracağıq.

- Yorğunluq məsələsi “Qarabağ” üçün deyəsən bəhanəyə çevrilib. Çünki bəzi futbolçularınız özləri belə bu fikri qəbul etmirlər...
- Bu fikirlə razı deyiləm. Həqiqətən də yorğun idik. Bununla belə pis oynamırdıq. “Rəvan”la görüşə görə isə bəhanə axtarmamalıyıq.

- Bu ilk belə hadisə deyil. “Qarabağ” əksər vaxtlarda avrokuboklardakı çıxışından sonra daxili yarışa adaptasiya olmaqda çətinlik çəkir. Səbəbi nədir?
- Avrokuboklardan sonra hər komanda çempionatda güclü çıxış edə bilmir. Bunu ötən il gördük. “Neftçi”, “Xəzər Lənkəran”ın simasında bunu qeyd edə bilərəm. Əslində belə olmamalıdır. Daha rahat oynamalıyıq. Çünki avrokuboklarda daha güclü, çətin rəqiblərlə üz-üzə gəlirsən. Onlara qarşı uğurla çıxış edirsən, ancaq daxili çempionatda bunu ortaya qoya bilmirsən. Normalda fərqli olmalıdır. Daha yaxşı oynamalıyıq. “Simurq”la oyunda buna son qoymağa çalışacağıq.

- “Simurq” haqda nə deyə bilərsiz. Bu komanda müdafiədə yaxşı oynayır və əksər hallarda rəqibə öz oyununu diqtə etməyə imkan vermir. Bu haqda düşünmüsünüzmü?
- Məşqlərimizi də bunun üzərində qururuq. Düşünürəm ki, problemlə qarşılaşmayacağıq. Oyunumuzu ortaya qoya bilsək, problem olmayacaq. Onlar neçə istəyir, elə də oynasınlar.

- Son iki oyunda meydana çıxmamısınız. AZAL-la oyunda isə adınız ümumiyyətlə iştirak ərizəsinə daxil edilməmişdi. Səbəbini deyə bilərsinizmi?
- AZAL-la oyun zamanı Bakıda deyildim. “Ayntarxt”la oyundan sonra baş məşqçidən icazə alıb Makedoniyaya getmişdim. Atam rahatsız idi. “Rəvan”la dueldə isə isinmə hərəkətləri edirdim. Lakin baş məşqçi meydana çıxmağımı məqbul saymayıb. Bu onun seçimidir.

- “Qarabağ”ın orta xəttində kifayət qədər yaxşı oyunçular cəmləşib. Tədricən mövqeyinizi itirəcəyinizi düşünmürsünüz?
- Komandada futbolçunun çox olmağı yaxşı haldır. Rəqabət artır. Seçimi isə baş məşqçi edir. O kimi məsləhət bilsə, həmin futbolçu da meydana çıxır.

- “Simurq”la oyunun təbii ot örtüklü Tofiq Bəhramov adına Respublika stadionundan süni örtüklü “Dalğa Arena”ya keçirilməsi oyunuza mənfi təsir edə bilərmi? Çünki “Qarabağ” təbii ot örtüyündə, rəqib isə süni meydanda oynamağı xoşlayır...
- Düzdür, təbii ot ötrüklü meydanda oynasaydıq, daha yaxşı olardı. Ancaq süni meydanlarda da az oynamamışıq. Problem olmayacaq.