AVRO-2020: Bakının namizədliyi təsdiqləndi
20.09.2013 - 12:52
AVRO-2020: Bakının namizədliyi təsdiqləndi
AVRO-2020-yə ev sahibliyinə namizədlər təsdiqlənib. Apasport.az saytının məlumatına görə, UEFA qitənin 13 şəhərində keçiriləcək yarışın təşkilatçılığı üçün Bakının da namizədliyini təsdiq edib.

AFFA tərəfindən irəli sürülən Azərbaycan paytaxtına 31 ölkədən şəhərlər rəqib olacaq. Belə ki, UEFA 13 yerə 32 namizədi təsdiqləyib.

Bunlar Azərbaycan (Bakı), Belarus (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Ermənistan (İrəvan), Xorvatiya (Zaqreb), Çexiya (Praqa), Danimarka (Kopenhagen), İngiltərə (London), Finlandiya (Helsinki), Fransa (Lion), Makedoniya (Skopye), Almaniya (Münhen), Yunanıstan (Afina), Macarıstan (Budapeşt), İsrail (Qüds), İtaliya (Roma, Milan), Qazaxıstan (Astana), Hollandiya (Amsterdam), Polşa (Varşava, Xojuv), Portuqaliya (Lissabon, Porto), İrlandiya (Dublin), Rumıniya (Buxarest), Rusiya (Sankt-Peterburq), Şotlandiya (Qlazqo), Serbiya (Belqrad), İspaniya (Madrid, Barselona, Bilbao, Valensiya), İsveç (Solna), İsveçrə (Bazel), Türkiyə (İstanbul), Ukrayna (Kiyev, Donetsk) və Uelsdir (Kardiff).

32 namizəd ölkədən bəziləri bir neçə şəhərin adını irəli sürsə də, yalnız bunların birində oyunları qəbul edə biləcək. 32 namizəd ölkənin hər biri gələn il aprelin 25-dək fikrini dəyişib, başqa şəhərin adını UEFA-ya təqdim edə bilər. Avro-2020-yə ev sahibliyi edəcək 12 şəhər 4 oyunu qəbul edəcək. Bu şəhərlərdə qrup mərhələsinin 4 oyunu və pley-offun (1/8 və 1/4) 1 qarşılaşması baş tutacaq. 13-cü şəhər isə cəmi 3 görüşü – yarımfinal və finalı qəbul edəcək.

Qeyd edək ki, Avro-2020-ni qəbul edəcək şəhərlər təxminən 1 il sonra gələn il sentyabrın 25-də müəyyənləşəcək.