“Bakı”da fransalı qonaq - FOTO
20.09.2013 - 17:38
“Bakı”da fransalı qonaq - FOTO
Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye bu gün “Bakı”nın təlim-məşq bazasının qonağı olub. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səfir ilk növbədə burda yeniyetmə və gənc futbolçulara yaradılmış şəraitlə tanış olub, ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşəyə baş çəkərək “Bakı”nın üzvləri ilə görüşüb.

Bu gün həmçinin Madrid “Atletiko”sunun baş direktoru Migel Anxel Xil Marin və Marketinq, Korporativ Əlaqələr və Beynəlxalq Layihələr üzrə baş meneceri Emilyo Qutyerres Bolloza da klubumuzun qonağı olub. Daha sonra “Bakı”nın texniki heyəti və rəsmi şəxsləri ilə şəkil çəkdirən qonaqlar “zolaqlılar”ın prezidenti Hafiz Məmmədovla görüşüb.

Mönye ziyarət zamanı “Bakı” və “Lans”ın əməkdaşlığının iki ölkə üçün vacibliyini vurğulayıb. Öz növbəsində Xil Marin də Madrid “Atletiko”su ilə işbirliyinin İspaniya və Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də idman əlaqələrinin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Ardından Hafiz bəy qonaqlara təşəkkürünü bildirərək Fransa və İspaniya ilə yaradılmış çoxşaxəli əlaqələri daha da inkişaf etdirmək istəyi haqda məlumat verib. Azərbaycanda futbolun inkişafında ölkə prezidenti İlham Əliyevin böyük rolunu xüsusi vurğulayan Məmmədov səfirə “Bakı”nın tarixi nailiyyətlərindən və infrastruktur quruculuğundan da danışıb.

Qeyd edək ki, görüşün sonunda Məmmədov Mönyeyə “Bakı”nın formasını hədiyyə edib.