“Hər matça sonuncu oyun kimi çıxmaq lazımdır”
23.09.2013 - 16:59
“Hər matça sonuncu oyun kimi çıxmaq lazımdır”
“Sumqayıt”la görüşdə belə nəticə gözləmirdim. Qalib gəlsəydik ilk pilləyə yüksələcəkdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Mahir Şükürov deyib.

Topaz Premyer Liqasının VII turunda “Sumqayıt”ı qəbul edən “Neftçi” autsayder rəqibinin müqavimətini qıra bilmədi. Millimizin təcrübəli üzvü klubun rəsmi saytına açıqlamasında “Sumqayıt”la qolsuz bərabərliklə yekunlaşan görüşü şərh edib: “Bu qarşılaşmaya yaxşı hazırlaşmışdıq, sadəcə, bəxtimiz gətirmədi. Futbolda belə şeylər olur. Bu oyunla yanaşı, digər qarşılaşmalar da onu göstərir ki, Premyer Liqada hər matça sonuncu oyun kimi çıxmaq lazımdır. Çalışacağıq ki, növbəti görüşlərdə qalib gəlib, turnir cədvəlində ilk pilləyə yüksələk”.

Qeyd edək ki, “Neftçi” “Sumqayıt”la oyuna qədər turnir cədvəlində “Qarabağ”la şərikli lider olsa da, “Bakcell Arena”da xal itkisindən sonra “ağ-qaralar” 3-cü pilləyə düşüb.