Sabiq “Qalatasaray”lı rekord qırmağa hazırlaşır
24.09.2013 - 03:58
Sabiq “Qalatasaray”lı rekord qırmağa hazırlaşır
2001-2007-ci illər ərzində “Qalatasaray”da çıxış etmiş qapıçısı Farid Mondraqon ölkəsi Kolumbiyanın milli komandası ilə yeni rekord qırmağa hazırlaşır. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı qolkiper 2014-cü ildə Braziliyada keçiriləcək Dünya Çempionatında iştirak edən ən yaşlı oyunçu olacaq.

Belə ki, Cənubi Amerika seçmələri çərçivəsində DÇ-yə qatılmaq şansının indidən əldə edən Kolumbiya yığmasının baş məşqçisi Joze Pekerman Braziliyaya Mondraqonu da aparacağını açıqlayıb. Əgər bu istək reallaşsa, “El Turco” (Türk) ləqəbli qapıçı indiyə kimi DÇ-də iştirak etmiş ən yaşlı oyunçu olacaq.

Hazırda ölkəsinin “Deportivo Kali” klubunda inamlı çıxış edən və daim əsas heyətdə olan sabiq “Cim-Bom”lu bu istəyinə çatmaq üçün daha çox çalışdığını deyib. Kolumbiyalı Həmin yarışda 42 yaş 11 aylıq olacağını və bunun da əvvəlki rekordu qırmaq üçün kifayət olduğunu bildirib.

Qeyd edək ki, bu rekord 42 yaşında 1994-cü ildə ABŞ-da keçirilən Dünya Çempionatında çıxış etmiş Kamerun millisinin hücumçusu Rocer Millaya aiddir.