“Azərbaycan yığması cərimə meydanının önündə dayanmışdı”
24.09.2013 - 08:08
“Azərbaycan yığması cərimə meydanının önündə dayanmışdı”
“Əvvəlcədən dediyim kimi Azərbaycanla oyunda əsas məqsədimiz rəqibə boş meydan verməmək, sərbəst hərəkət etməsinə mane olmaq idi. Hamımız yaxşı bilirik ki, cənub komandaları geniş meydanı sevir və bundan məharətlə yararlanır”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının baş məşqçisi Sergey Kiryakov deyib.

Mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oyunu haqda fikirlərini açıqlayıb: “Topu itirən kimi rəqibi bağlamağa çalışırdıq. Bu da müəyyən mənada bizdə alınırdı. Azərbaycan milli komandası çox müdafiəyə çəkilmişdi. Cəfərov istisna olmaqla bütün komanda müdafiədə oynayırdı. Onlar öz cərimə meydanlarının önündə dayanmışdılar. Bizə də bu səddi yarmaq çox çətin idi. Erkən qoldan sonra ümid edirdim ki, yenə fərqlənə biləcəyik. Lakin futbolçularımız Slovakiya ilə ilk oyundan sonra yorulmuşdu. Bu üzdən Azərbaycanla oyunda fiziki cəhətdən yAxşı deyildik. Lakin oyunçularımızın hamısı dərk edirdi ki, qarşımıza vəzifə qoyulub və ona nail olmalıyıq”.

Kiryakov 1:0 hesablı qələbənin tam oyuna görə olduğunu düşünür: “Yetirmələrim rəqibin yararlanmaq istədiyi bütün standart vəziyyətlərdə çox intizamı oynadı. Şübhəsiz ki, biz qələbəyə layiq idik. Biz oyun ərzində üstünlüyə malik idik. Lakin bir neçə yaxşı imkandan istifadə edə bilərdik. Bununla da özümüz özümüzə problem yaradırdıq”.