“İldə 60 oyuna çıxmayan futbolçudan bir şey çıxmaz” - MÜSAHİBƏ
24.09.2013 - 10:12
“İldə 60 oyuna çıxmayan futbolçudan bir şey çıxmaz” - MÜSAHİBƏ
Türkiyəli məşqçi Güvənç Kurtarın apasport.az saytına müsahibəsi

- Öncə ölkəmizə səfərinizin məqsədini öyrənmək istərdik...
- Bakıya Yusuf Uncuların dəvəti ilə gəldik. Kikboksçuların döyüşünü izlədik. Bu gün (dünən) Azərbaycan - Türkiyə futbol meydançasının açılışında iştirak edəcəyik. Yəni burda başqa futbol komandası ilə görüşmək kimi variantımız yoxdur. Şəxsən məndə belə bir şey yoxdur, Yılmaz Vuralı deyə bilmərəm.

- Sizin ölkəmizə gəlişinizdən sonradan xəbər tutduq. Ancaq Yılmaz bəyin gəlişi öncədən məlum idi və Türkiyə mətbuatı yazdı ki, bura millinin başına keçmək üçün gəlir...
- Düzdü, mətbuat bunu yazdı, ancaq onun Azərbaycana buna görə gəlmədiyini dəqiq bilirəm.

- Türkiyəyə nə vaxt qayıdırsınız?
- Sabah günortadan sonra. Mən daha əvvəl də bura gəlmişdim. “Xəzər Lənkəran”la anlaşmam olmalıydı. Ancaq razılığa gələ bilmədik. Sonra yenə “Xəzər Lənkəran”la danışıqlarım olmuşdu, Mübariz Mənsimovla görüşmüşdük. Lakin bu dəfə də onun qardaşı (Mais Mənsimovu nəzərdə tutur – S.T.) başqa məşqçilərlə danışıqlar aparırdı deyə, keçidim alınmadı.

- Bu söhbət təxminən neçənci ildə olmuşdu?
- Ötən il və ondan öncəki il. Bir sözlə, birində mən şərtlərdə razılığa gəlmədim, digər təklifdə də klub seçimini başqa məşqçi üzərində etdi. Hazırda isə işsizəm.

- AZAL - “Xəzər Lənkəran” matçını izləmək imkanınız oldumu?
- Xeyr. Çünki kikboksçuların döyüşünü izləməliydik. Ancaq kaş ki, “Xəzər Lənkəran”ın oyununa baxaydıq...

- Qarşılaşmaya baxmağa gəlsəydiniz, Mübariz bəyin qardaşını da görmək imkanı əldə edəcəkdiniz...
- Mais bəylə ünsiyyətimiz yoxdur. Bəs Mübariz bəy burda idi?

- Xeyr, oyunu izləmirdi.
- Olsaydı, onunla görüşərdim. Onlara uğurlar diləyərdim. Bildiyimə görə, ardıcıl 2 oyunda qələbə qazanırlar. Ötən mövsüm “Qarabağ” çempion oldu?

- Xeyr, “Neftçi” ardıcıl 3-cü dəfə çempion oldu...
- Doğrudan? Bəs niyə onlar Avropada uğurlu çıxış edə bilmədilər? Türkiyədə də bu problem var, sizdə də. Peşəkar futbolçular mövsüm ərzində ən az 60 rəsmi matç keçirməlidir. Bunu necə edirlərsə, etsinlər. İldə 60 oyuna çıxmayan futbolçudan bir şey çıxmaz. Bunu Türkiyədə də söyləmişəm. Ya komandaların sayı artırılmalıdır, ya da oyunların sayı. Bizdə futbolçular 34 oyun keçirmək imkanı olur, bunların da bəzilərini zədəli və ya cəzalı olduğu üçün buraxmalı olur. Messi ötən mövsüm 66 oyun keçirib.

- Yılmaz Vural da söyləyib ki, Azərbaycanda yerli futbolçu potensialı azdır...
- Yerli futbolçu yetişməz ki. Az komanda sayı ilə oyunçu yetişər? İngiltərənin 1-ci dəstəsində 24 komanda var və 46 çempionat oyunu keçirir. Üstəlik, bunların kubok oyunları olur. Ən azı 60 oyun keçirirlər. Onlar 2 ilə 120, bizimkilər isə 60 matç oynayır. AFFA-ya burdan müraciət edirəm. Səhv edirlər. Futbolçu yetişdirmək istəyirlərsə, bunları düzəltməlidirlər. Mən burda qonaq məşqçiyəm. Məşqçilərin fikirlərinə hər zaman qulaq asılmalıdır. Azərbaycan çempionatında 36, 1-ci dəstəsində 30 matç var. Azdır. AFFA 2-ci dəstə də yaratmalıdır.

- AFFA 21 yaşadək futbolçuların meydana buraxılması haqda qərar qəbul edib...
- Xeyri yoxdur. İstər 19, istərsə də 21 olsun, səhvdir. Necə ki, komandalar 60-dan az oyun keçirəcəksə, həmin futbolçudan futbolçu çıxmayacaq. Peşəkar oyunçu həftədə 2 oyun keçirməlidir. Gənc vaxtı mənim gündə 2 oyuna çıxdığım anlar olurdu. Təbii ki, həmişə yox. Ona görə də həftədə 2 matç oynamaq peşəkar üçün çox rahat olmalıdır.

- Bakıya ilk səfərlə indiki arasında nə fərqlər var?
- Bundan öncə 3 il əvvəl Bakıya gəlmişdim. Onda Bakı İstanbulun 40 il əvvəlki görünüşünü xatırladırdı. Nə düz-əməlli otel var idi, nə də marketlər. İndi isə şəhəriniz hardasa İstanbulu keçib. Bütün dünyanı gəzdim. Ancaq bu qədər tez inkişaf edən bir şəhər görmədim. Kaş ki, əvvəlki şəkillərini çəksəydim və indiki ilə müqayisə edə bilsəydim...

- Azərbaycandan sizə təklif gəlsə, qəbul etməyə hazırsınızmı?
- Bizə sizdən təklif gəlmir. Bilmirəm, niyə... Biz ölkələrimiz yaxın olduğumuz üçün sizə daha yaxınıq, klublara avropalı məşqçilərdən daha faydalı ola bilərik. Dilimiz, dinimiz birdir. Biz burda çalışmağa hər zaman hazırıq.

Səbuhi TOFİQOĞLU