Yılmaz Vural özünü necə reklam edir?
24.09.2013 - 11:41
Yılmaz Vural özünü necə reklam edir?
“Bir çox klubdan təklif var, hazırda Azərbaycandayam. Burada Azərbaycan millisini çalışdırmağı təklif edirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri türkiyəli məşqçi Yılmaz Vural deyib.

Bir neçə gün öncə Vuralın millimizin və “Neftçi”nin “sükanı arxasına” keçəcəyi, onun danış aparmaq üçün Azərbaycana səfər edəcəyi yönündə xəbər yayıldı. Lakin sentyabrın 22-də ölkəmizə təşrif buyuran türkiyəli çalışdırıcının gəlişinin səbəbi başqa olduğu aydınlaşdı.

Mərhum prezident Heydər Əliyevin 90 illiyinə həsr olunmuş peşəkar kikboksçular arasında turniri izləmək, eləcə də Azərbaycan-Türk Futbol Məktəbinin açılışında iştirak etmək üçün Azərbaycana səfər edən Vural artıq bu gün vətənə dönür. O, Bakıda olduğu müddətdə verdiyi açıqlamalarda işlə bağlı ölkəmizdən heç bir təklif almadığını bildirərək, çıxan xəbərləri təkzib etdi.

Ancaq Vuralın Türkiyə mətbuatlına açıqlamasında bəlli olur ki, o, özünü reklam etmək üçün Azərbaycan millisinin adından istifadə edir. İndiyə qədər 23 fərqli klubu çalışdıran, dəlisov hərəkətləri ilə tez-tez diqqət mərkəzinə düşən məşqçi “Şanlıurfaspor”dan təklif alıb. Raşit Çetinerin istefasından sonra boş qalan postu tutmaq təklif olunub. Vural isə cavab vermək üçün vaxt istəyib: “Azərbaycan millisi ilə bağlı apardığım danışıqların yekununda razılıq əldə olunmadı. “Şanlıurfaspor” rəsmiləri də mənə dəvət göndərdi. Mən də öz şərtlərimi dedim. Onlar istəklərimi qəbul etdi. Son qərarımı bu gün verəcəyəm”.