“Xəzər Lənkəran” və “Neftçi” hazırdı, bəs PFL?
24.09.2013 - 15:00
“Xəzər Lənkəran” və “Neftçi” hazırdı, bəs PFL?
Azərbaycan Superkuboku uğrunda matçın təşkili ilə bağlı problem çözülməz olaraq qalır. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev 2009-cu ildən bəri bu görüşün bərpa edilə biləcəyinə dair dəfələrlə açıqlama verib. Lakin hələ də məsələ həllini tapmayıb.

Son olaraq 18 illik fasilənin ardından Azərbaycan Superkuboku uğrunda oyunun klublarımızın bu yay qitə miqyaslı turnirdə növbəti mövsümə startından 1 həftə öncə keçirilməyi nəzərdə tutulmuşdu. Mübarizəyə Avropa Liqasında iyulun 4-də başladığımızdan, bu, iyunun 27-si demək idi. Ancaq “Xəzər Lənkəran”la “Qarabağ”ın ilk matçlarının daha 2 gün əvvələ çəkilib, iyulun 2-ə təyin edilməyi işi daha da çətinləşdirdi.

Daha sonra PFL prezidenti Superkubokun iştirakçıları olan “Neftçi” və “Xəzər Lənkəran”ın II təsnifat mərhələsində ilk görüşlərinin evdə olacağı halda, Superkuboku mütləq keçirməyi nəzərdə tutduqlarını açıqladı. Gəl ki, “Neftçi”nin Çempionlar Liqasında Albaniyanın “Skenderbeu” ilə ilk matçı evdə olduğu halda, “Xəzər Lənkəran” Avropa Liqasında Hayfa “Makkabi”si ilə ilk oyununu səfərdə keçirməsi yenə planlar alt-üst etdi.

“Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov Superkubok matçın qış fasiləsində klublarımız Türkiyədə təlim-məşq toplanışında olduğu vaxt qardaş ölkədə keçirməyi təklif edib. Bu təklifi dəstəklədiyini bildirən Musayev “Neftçi” və “Xəzər Lənkəran” rəhbərliyi ilə danışıq aparacağını, nəhayət, Superkubok düyününü çözəcəyini açıqlayıb. Lakin hələ də ondan səs-soraq yoxdur. Vəziyyəti nəzərə alıb, hər iki tərəfin fikrini öyrəndik.

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov saytımıza açıqlamasında istənilən vaxt Superkubok matçına çıxmağa hazır olduqlarını, lakin görüşün Azərbaycanda keçirilməsini istədiklərini bildirdi: “Biz günü sabah Superkubok matçına çıxmağa hazırıq. Oyunun bu qədər yubadılması “Xəzər Lənəkran”ı da narahat edir. Matçın qış fasiləsində Türkiyədə təşkilinə gəlincə, bunu klubumuzun fəxri prezidenti Mübariz Mənsimov AFFA prezidenti ilə söhbətində dilə gətirib. Lakin bu, sadəcə ümumu söhbət olub. Biz oyunun Azərbaycanda təşkilinin tərəfdarıyıq. Çünki “Xəzər Lənkəran” böyük azarkeş kütləsinə malik bir klubdur. Onlar bu oyunu izləmək istəyirlər. Ona görə də, qarşılaşmanın Türkiyədə deyil, Azərbaycanda keçirilməsinin tərəfdarıyıq”.

“Xəzər Lənkəran” kimi, “Neftçi” də Superkubok matçının keçirilməsində heç bir problem görmür. Paytaxt klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məsələ ilə bağlı bunları dedi: “Biz matçın keçirilməsində heç bir problem görmürük. Əgər Superkubok təqvimə və “Neftçi”nin hazırlıq planına təsir etmirsə, həmin oyuna çıxmağa hazırıq. Qaldı ki, görüşün Türkiyədə baş tutmasına, Azərbaycan Superkuboku elə Azərbaycanda keçirilsə yaxşıdır. Ölkənin iki güclü klubunun duelini, “Böyük oyun” adlandırdığımız qarşılaşmanı yerli azarkeşlər də izləməlidirlər”.

Gördüyünüz kimi, barışmaz rəqiblər - istər “Xəzər Lənkəran”, istərsə də “Neftçi” Superkubok matçına çıxmağa hazırdır. Tərəflərin görüşün Azərbaycanda keçirilməsini istəmələri də başa düşüləndir. Hər halda, hər iki klub bu futbol bayramında azarkeşlərinin də iştirak etməsini arzulayırlar.

İndi qalır oyunu təşkil etmək. Bu isə PFL-in üzərinə düşür. Kimi gözləyirik, Ramin bəy?