“Bakı”ya qol vurdu, tarixə düşdü
24.09.2013 - 16:55
“Bakı”ya qol vurdu, tarixə düşdü
Topaz Premyer Liqasının VII turunda keçirilən “İnter” - “Bakı” matçı “bankirlər” üçün bir sıra statistik göstəricilərlə yadda qalıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunda fərqlənən Aleksandr İaşvili və Matiya Şpiçiç “İnter”in heyətində Azərbaycan çempionatının qarşılaşamalarında qol vurmaq müyəssər olmuş 77-ci və 78-ci futbolçular olub.

Əgər təcrübəli İaşvili sayca 8-ci gürcüdürsə, Şpiçiç ölkə çempionatında “İnter”in heyətində qol vura bilmiş ilk xorvat olub. Xatırladaq ki, çempionatın matçlarında “İnter”də hazırda çıxış edən ən yaxşı bombardir Baçana Sxadadzedir. Onun hesabında 18 qol var.

Qeyd edək ki, “İnter”in tarixində yerli futbolçular istisna olmaqla, Belarus, Ukrayna, Serbiya, Nigeriya, Litva, Uruqvay, Bolqarıstan, Çexiya, Boliviya, Latviya, Moldova, Braziliya, Makedoniya, Seneqal, Toqo, Konqo və Xorvatiyadan olan futbolçular fərqlənə bilmişdi.