Flavinyo: “Neftçi”də hamının günahı var - MÜSAHİBƏ
24.09.2013 - 17:00
Flavinyo: “Neftçi”də hamının günahı var - MÜSAHİBƏ
“Neftçi” klubunun yarımmüdafiəçisi Flavinyonun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasında arxada qalan 7 turu necə dəyərləndirirsiniz?
- Komandamızda dəyişiklik edilib. Mövsümlərarası fasilədə əsas heyətin iki üzvünü itirmişik. Hər oyun yeni futbolçularımız üçün adaptasiyadır. Turnir cədvəlinə gəldikdə, bir qədər qarışıqlıqdır. 6 komandadan hər biri turnir cədvəlinin ilk pilləsinə yüksələ bilər.

- “Neftçi” istədiyi yerdədirmi?
- Təbii ki, yox. “Bakı”ya qarşı çox pis oynadıq. Nəticədə məğlub olduq. “Sumqayıt”la oyunu da unutmaq olmaz. Bu matçda hər şey etdik, amma qol vura bilmədik. Halbuki, bunun üçün kifayət qədər imkanımız oldu.

- Həmin oyunu UEFA prezidenti Mişel Platini də izləyirdi. Bu, hardasa futbolçular üçün əlavə stimul ola bilərdi. Lakin “Neftçi”nin əvvəlki sürətli oyununu şahidi olmadıq. Səbəbini izah edə bilərmi?
- Fərqli fikirləşirəm. Bu oyunda “Neftçi” yaxşı çıxış etdi. Sadəcə qol vura bilmədik. Qol vura bilməyəndə isə hamı düşünür ki, “Neftçi” çox pis oynadı. Ən azı 5 real qol imkanımız oldu, amma istifadə edə bilmədik.

- Bəlkə yeni hücumçular etimadı doğrultmur?
- “Neftçi”də 20-dən artıq futbolçu var. Bu tək hücumçuların günahı deyil. Qol vura bilməmişiksə, bütün komandanın günahı var. Futbol kollektiv oyundur, konkret fərdləri günahlandırmaq olmaz.

- Qarşıdan “Qarabağ”la oyun gəlir. Ötən il “Qarabağ” “Neftçi” üzərində daha çox qələbə qazandı. “Neftçi” bunun revanşını almaq haqda düşünürmü?
- “Neftçi” də bir neçə oyunda onları xalsız qoydu. Ona görə də qələbə qazana biləcəyimizi düşünürəm.

- Hazırlıq necə gedir? Futbolçuların əhval-ruhiyyəsi nədən xəbər verir?
- Ağır oyun olacaq. Daha yaxşı hazırlaşırıq. Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. “Neftçi”yə qarşı bütün komandalar yaxşı oynayır. Biz də bunu nəzərə almışıq. Üç ildir çempionuq. Narahat olası bir komanda var, o da bizik.

- Bayaq turnir cədvəlindəki qarışıqlıqdan danışdınız. Üst sıralarda yerləşənlər arasında sizin üçün sürpriz komanda varmı?
- Heç kim buna təminat verə bilməz. Ötən mövsüm “Simurq” turnir cədvəlinin zirvəsində yer almışdı. Ancaq yekunda mükafat qazana bilmədi. Fikrimcə, “Xəzər Lənkəran” itirdiyi xalları bərpa edəcək və medallar uğrunda mübarizə aparacaq. Hələ vaxt var və hamı bərpa oluna bilər.

- Sizin çıxışınızdan da narazılıq var. Əvvəlki oyununuzu nümayiş etdirə bilmirsiniz. Səbəbi nədir: rəqiblər sizi yaxşı tanıyır, yoxsa hazırlığınız aşağı düşüb?
- Normal futbolçuyam. Təbii ki, hər dəfə yaxşı oynaya bilmərəm.