Okan Buruk baxdı, millimizin futbolçusu qol vurdu
25.09.2013 - 08:39
 Okan Buruk baxdı, millimizin futbolçusu qol vurdu
21 yaşadək millimizin futbolçusu Timur Təməltaşın 3 illik müqavilə bağladığı “Altınordu” Türkiyə kubokunda İzmir derbisindən qalib ayrılıb. Apasport.az saytının məlumatına görə, ölkə kubokunun 2-ci mərhələsində “Göztəpə”nin qonağı olan “Altınordu” turu adlayan komanda olub.

Ancaq cütün taleyi oyunsonrası penaltilərə kimi gedib uzanıb. Belə ki, görüşün 90 dəqiqəsi 1:1, 120 dəqiqəsi isə 2:2 başa çatıb. Penaltilər seriyasında qonaqlar 4:3 üstün olub. Timur meydana 57-ci dəqiqədə daxil olub. O, Olqay Coşkunu əvəzləyib. Məhz “Altınordu”dan ilk dəqiq penaltini yerinə yetirən də Təməltaş olub.

Qeyd edək ki, İzmir derbisini cəmi 42 qadın və uşaq azarkeş izləyib ki, bu da “Göztəpə”nin cəzası ilə bağlıdır. Ancaq oyunu 30-a yaxın futbol adamları da izləyib. Bunların arasında yaxında Türkiyə millisindən ayrılmış Okan Buruk da olub.