Rəqiblər müəyyənləşdi, yığmamız oktyabrın 4-ünü gözləyir
25.09.2013 - 10:43
Rəqiblər müəyyənləşdi, yığmamız oktyabrın 4-ünü gözləyir
Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, cavab oyunlarından sonra Belçikadakı yarışın son 4 iştirakçısı müəyyənləşib. Ukrayna, Hollandiya, Rumıniya və Xorvatiya milliləri final mərhələsinə yüksəlib.

Ukrayna Macarıstanda 4:5 hesabı ilə uduzsa da, ilk qarşılaşmadakı 2:1 hesablı qələbə onları sevindirib. Postsovet məkanı təmsilçisi səfər qolu ilə final mərhələsinə yüksəlib. Hollandiya isə səfərdə 2:3 hesabı ilə uduzduğu Bosniya və Hersoqovinanı 2:1 hesabı ilə məğlub etməklə mərhələ adlayıb. “Narıncılar”da rəqib meydanında daha çox fərqləndiyi üçün sevinib. Rumıniya Serbiyanı 7:2 (ilk oyun 2:1), Xorvatiya Slovakiyanı 4:0 (3:1) udmaqla 2-ci qələbə ilə Belçikaya vəsiqə əldə edib.

Bu 4 komanda Avro-2014-də Azərbaycan millisinin potensial rəqibləridir. Belə ki, yığmamız, meydan sahibləri Belçika futzalçıları, İspaniya, İtaliya, Çexiya, Rusiya, Sloveniya, Portuqaliya da həlledici mərhələdə çıxış edəcək.

Qeyd edək ki, yanvarın 28-dən fevralın 8-dək keçiriləcək final mərhələsinin püşkü oktyabrın 4-də atılacaq.