Ramin Musayevə hansı klub 1 milyon təklif edib? – MÜSAHİBƏ
25.09.2013 - 15:13
Ramin Musayevə hansı klub 1 milyon təklif edib? – MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Topaz Premyer Liqasında avqust ayının ən yaxşı oyunçusu və ən gözəl qolun müəllifinin mükafatlandırma mərasimində jurnalistlərin suallarını cavablandırıb. Təşkilatçı qurumun rəhbəri öncə IV tur çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra yaşananlara toxunub.

- “Neftçi” ilə “Xəzər Lənkəran” azarkeşləri arasında qalmaqal yaşanırsa, burda PFL-in nə günahı var? Bizim klublarda azarkeşlərlə düzgün iş aparılmır. Mən qalmaqalın əleyhinəyəm. Həmin oyundan sonra dedim ki, “Xəzər Lənkəran“ın bir necə azarkeşə görə tamaşaçısız oynamağını istəmirəm. Məncə, burda günahkar meydan sahibi olan klubun rəhbəridir.

- Mübahisəli məqamların görüntülərini izləyirsinizmi?
- Uduzan komandalar həmişə günahı hakimdə görür. Elə bir hakim yoxdur ki, elədiyinə görə cəzalandırılmasın. Dünyada elə bir hakim varmı ki, səhvi olmasın? Bizim çalışdığımız odur ki, hakimlər qərəzli olmasın. Çox söhbət gedir ki, PFL filan komandanı qabağa çəkir. Onda sual verərlər ki, sən çempion olmusansa və ya kuboku əldə etmisənsə, PFL-in hesabına bunu qazanmısan? Onlar sponsorlara görə bir bəhanə bildirməlidirlər. Hamı deyir alqı-satqı var. Ancaq ortada fakt yoxdur. Bütün oyunlar PFL tərəfindən izlənir. Həmin görüntülər mənim otağımda baxılır. Və bunlar haqda lazımi ölçü götürülür. Hazırda Premyer Liqanın oyunlarını idarə edən 8 hakim var. Onların hamısına derbi oyun vermək olmaz.

- Ən yaralı yerimiz hakimlərdir. Xaqani Məmmədov ən qapalı adamdır. Biz onu tapa bilmirik. O, telefonunu götürmür. Təklif edirik ki, Məmmədov ayda bir dəfə media qarşısına çıxsın...
- Nə vaxt istəyirsinizsə, hansısa oyundan görüntüləri göstərə bilərik. Həmin hakimləri, həmin Xaqani Məmmədovu da ora dəvət edərik. İstəyirsiniz lap klublar da orda olsun. Yaxşı təklifdir. Ancaq klublarımızda xəstəlik yaranıb. Bir görüntü ilə kimisə günahlandırmaq olmaz. "Bakı" - "Neftçi" oyununda baş hakim Elçin Məmmədov idi. Epizodların birində penalti vardı. Ancaq Elçin deyirdi ki, yoxdur. Axırda bir operatorun çəkdiyi görüntü sayəsində 1 dəqiqənin içində Elçini söyənlər səhv etdiklərin anladılar. Klub rəhbərləri gəlir deyir ki, bu kuboka nə qədər verək. Deyirəm ki, 1 milyon ver. Bu klub rəhbərindən nə gözləyəsən? Bunu istəyirsiniz yazın, istəmirsiniz yazmayın. Hakimləri hamı tənqid edir. Amma klub rəhbərlərini də tənqid etmək lazımdır. Komanda uduzanda onlara hakimlikdən sual verməyin. Təbii ki, uduzan deyəcək ki, hakim səhv etdi.
Cavid Hüseynovu tənqid edin. Niyə “Neftçi” ilə oyunda lazımsız “qırmızı” aldı? Mən onun hərəkətlərinin əleyhinəyəm. Ona 3 oyunluq yox, 1 oyun cəza və 10 min manat cərimə verilsəydi, daha yaxşı olardı. Onda ağlı başına gələrdi. Yeri gəlmişkən, xarici telekanallardan biri yayım üçün super təklif irəli sürüb. Gələn il bunu dəyərləndirə bilərik.

- Superkubokun indidən sonra keçirilməsi maraqlı olacaq?
- Nə vaxt keçirilsəydi, maraqlı olacaqdı? Gəlin səmimi danışaq. Kubokdan sonra hər iki klub arasında münasibətlərin qaydasına düşməsini gözləməliydik. Mən həmin oyundan sonra Superkubok keçirə bilərdimmi? Deməli, gözləyək. Təqvimi siz seçin, hansı gündə istəyirsinizsə, elə edək.

- Elə təsəvvür yaranıb ki, bu mövsüm bir qrup şəxslərin birləşməsi nəticəsində çempionat yarımçıq dayandırılacaq...
- Mən bundan qorxmuram. Çünki kimlərinsə qrup yaradacağına inanmıram.