Millimiz püşkü gözləyir: Belçika gəlsin!
03.10.2013 - 16:16
Millimiz püşkü gözləyir: Belçika gəlsin!
Sabah futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, gələn il Belçikada təşkil olunacaq yarışın 12 iştirakçısı qrup mərhələsindəki rəqiblərini tanıyacaq.

Bakı vaxtı ilə saat 16:30-da başlayacaq tədbirdə ardıcıl 3-cü dəfə final mərhələsinə yüksələn Azərbaycan yığmasının da rəqiblərinin adına aydınlıq gəlməlidir. 2010-cu ildə Avropanın dördüncüsü olan, ötən il isə qrupda qalan Joze Alesionun yetirmələr bu dəfə də ən azı 1/4 final iddiasındadır.

Püşk ərəfəsində UEFA yığmaları reytinqinə əsasən səbətlərə bölüb. Lakin meydan sahibləri bu bölgüdə olmayıb. 11 komandanın səbətlərə bölündüyü halda, Belçika yığması birbaşa A qrupunun 1-ci komandası kimi yerini alıb.

Digər 11 komanda isə əks istiqamətdə səbətlərə bölünüb. Yəni ən güclülər 1-ci deyil, 3-cü səbətə salınıb. Bura İspaniya, İtaliya və Rusiya daxildir. Millimiz isə həm gücünə, həm də sıra sayına əsasən 2-ci adlanan səbətə düşüb. Həm yığmamız, həm də aşağı 2 səbətdə yer alan hər komanda üçün Belçika ilə eyni qrupda yer almaq perspektivi daha ümidvericidir.

3 nəhəngdən biri ilə qarşılaşmaqdansa, meydan sahiblərin ilə oynamaq məsləhətdir. 2010-cu ildə meydan sahibi Macarıstanla eyni qrupa düşməkdən maksimum yararlanan Azərbaycan yığması bu dəfə də eyni güzəşti püşkdən gözləyəcək.

Final mərhələsinin 12 komandası 4 qrupa bölünəcək. 1/4 finala isə hər qrupdan 2 komanda çıxacaq. Yığmamız üçün əslində 3-cü səbətdən gələcək rəqibin kimliyinin fərqi olmamalıdır. Çünki komandamız özündən aşağı reytinqli komandanı kimliyindən asılı olmayaraq udmağa borclu olacaq. Bu da 1/4 finala vəsiqə üçün böyük ölçüdə yetərlidir. Yığmamız A qrupuna düşəcəyi halda isə hətta 1-ci yerlə mərhələ adlamaq və nəticədə 1/4 finalda nisbətən asana rəqiblə - 2-ci yer sahiblərindən biri ilə görüşmək variantı var.

A qrupunun 1-ci komandası: Belçika (meydan sahibi)
III səbət: İspaniya (son çempion), İtaliya, Rusiya
II səbət: Portuqaliya, Ukrayna, Çexiya, Azərbaycan
I səbət: Xorvatiya. Rumıniya, Sloveniya. Hollandiya

Qeyd edək ki, Belçikadakı qitə çempionatı yanvarın 28-dən fevralın 8-dək keçiriləcək.