“Əllərinə toy kamerası alıb, necə gəldi çəkirlər”
03.10.2013 - 23:01
“Əllərinə toy kamerası alıb, necə gəldi çəkirlər”
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov apasport.az saytının qonağı olub. Söhbət zamanı bir sıra maraqlı açıqlamaları ilə diqqət çəkən həmsöhbətimiz klubların ünvanına önəmli mesajlar da göndərib.

- Topaz Premyer Liqasında geridə qalan 8 tura əsasən hakimlərin işini necə dəyərləndirirsiniz?
- Mövsümün əvvəlində hakimlərə dedim ki, builki çempionat digərlərinə bənzəməyəcək. Yəni artıq nə “Kəpəz”, nə də “Turan” olacaq ki, onların bəzi matçlarına təcrübə qazanmaq, səviyyələrini yoxlamaq üçün kimlərisə göndərək. Hazırda çempionatda çox ciddi rəqabət var və “İnter”lə “Xəzər Lənkəran”nın tutduğu mövqe bunun bariz sübutudur. Bu cür iddialı klublar aşağı sıralarda qərarlaşıblar. Bu isə Premyer Liqamınin səviyyəsinin yüksəldiyini göstərir. Belə bir vəziyyətdə hakim səhvləri olacaq, qaçılmazıdır. Ancaq təki bu səhv olsun, qərəz yox. Dünyanın elə bir yeri yoxdur ki, orada hakim səhvi olmasın. Ümumilikdə, hakimlərin işindən razıyam. Bəli, qüsurlar var və mən bunu etiraf edirəm.

- Klubların narazılıqlarını videoçarxlar hazırlayaraq bildirmələrinə münasibətiniz necədir? Hər xırda epizodu qabarmaq nə dərəcədə düzgündür?
- Əfsanəvi Yohan Kroyffun belə bir sözü var: Biz qarşımızda kofe, əlimizdə siqarla oturub epizodlara dəfələrlə baxırıq və yekdil bir qərara gələ bilmirik. Halbuki hakim bir anın içində qərar verməlidir. Hakim də insandır, anı qaçıra bilər. Hadisəyə kameranın yox, hakimin gözü ilə baxmaq lazımdır. Videoçarxlara gəlincə, bilirsiniz, klublardakı 2-3-cü dərəcəli insanlar prezidentə, sponsora xoş gəlmək, öz uğursuzluqlarına don geyindirmək üçün bu cür işlərə əl atırlar. Həmin epizodları öz saytlarında nümayiş etdirməklə, özlərini təmizə çıxartmaq istəyirlər. Sizi inandırıram ki, həmin epizodların 90 faizi digər rakurslardan fərqli görünür. Bizim peşəkar operatorlarımız var, hansı ki, hər anı tuta bilirlər. Məsələn, sonuncu turu götürək. “Bakı” – “Sumqayıt” matçını televiziya vasitəsi izləyən hər kəsdə, o cümlədən məndə şübhə yox idi ki, Vüqar Əsgərovun yerdə qaldığı epizod penaltidir. Amma bizim 5-ci kameranın çəkdiyinə baxanda gördük ki, açıq-aşkar simulyasiyadır. Əllərinə toy kamerası alıb, necə gəldi çəkirlər, sonrada bizə nəsə sübut etməyə çalışırlar. Yaxın vaxtlarda Hakimlər Komitəsinin rəsmi saytı işə düşəcək. Orada matçların görüntülərini, mübahisəli anları yerləşdirəcəyik ki, azarkeşlər, futbol ictimaiyyəti rahat izləyib, özləri qiymət versinlər.

- Razıyıq, oyun epizodlarının dəfələrlə izlədikdən sonra nəticə çıxararaq hakimi günahlandırmaq düz deyil. Ancaq bəzən onlar gözləri önündə baş verənlərə seyrçi qalırlar. Məsələn, Əliyar Ağayevin ölkə kubokunun finalında “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin hərəkətlərini seyr etməsi gözdən qaçacaq bir şey deyil. Çünki o, “Xəzər Lənkəran”ın penalti vurmağa gələn oyunçularının hamısı təxribata çəkirdi. Həmin vaxt Stamenkoviçə “dur” demək üçün referi olmağa gərək yox idi...
- Bilirsiniz, bunu Əliyarın təcrübəsizliyi ilə əlaqələndirirəm. O, elə ilk epizodda Saşaya sarıl vərəqə göstərməli idi. Lakin 120 dəqiqə sürən matçın gərginliyi ona təsir etdi. Əliyar bizim ən perspektivli hakimlərimizdən biridir və məndə olan məlumata görə, o, artıq bu il istedadlar qrupuna düşəcək. Sizi əmin edirəm ki, bu gün bizim hakimlərdə qərəz yoxdur.


- Qərəz yoxdur deyirsiniz, bəs səhvlərə görə əksər hakimlər 2-3 oyun cəzalandırıldığı halda, Anar Salmanovu niyə hələ də Premyer Liqa matçlarına göndərmirsiniz?
- Anar Salmanov baş düşməlidir ki, “Neftçi” – “Qarabağ” matçında özünə, adına yaraşmayan səhvlərə yol verib. Məhz bu səbəbdən də FİFA-nın II dərəcəli referisinə Premyer Liqada təyinat vermirik.

- Anar Salmanov ən perspektivli hakimlərimizdəndir. Biz də onu I divizionda görmək istəməzdik. Lakin ciddi səhvlərə, qərəzli hərəkətlərə yol verənlərlə bağlı ciddi ölçü götürülməlidir...
- Təbii, biz də kimsəni cəzasız qoymuruq. İnanın, hər şey nəzarətimiz altındadır.

- Vaxt vardı Babək Quliyevlə Anar Niyazov ən bacarıqlı referilərimiz idi. Hətta, AFFA Quliyevə 10 min dollar mükafat da vermişdi. Lakin üstündən bir neçə ay keçəndən sonra hər ikisi hakimlikdən uzaqlaşdırıldı. Ötən mövsüm Anar Salmanovla Elçin Məmmədov ən çox təyinat alanlar sırasında idilər. Daha çox təyinat, daha çox pul deməkdir. Ancaq məlum oldu ki, onlarda ciddi xətaya yol veriblər. Hər halda, adi səhv etməyiblər. Ən çox qazanan hakimlərimizi bu cür səhvlərə nə təhrik edir?
- Bunun səbəbini bilsəydim, başqa dərdim olmazdı. Onların özündən soruşmaq lazımdı ki, axı siz nə mane olurdu, niyə hakimlikdən uzaqlaşdırıldınız. Bizə də maraqlıdır ki, bu cür qayğının, şəraitin qarşılığında niyə belə hallar baş verir. Mən hansısa hakimin qərəzli idarəçilik etdiyinə inanmıram. Səhv var, qərəz yox. Bu gün Avropanın heç bir ölkəsində hakimlər 14 günlük təlim məşq-toplanışlarına aparmırlar. Qonorarları isə yalnız Rusiya və Ukrayna hakimlərində geri qalır.

- Belə bir deyim var: ləkəli ürəyi qorumaq çətindir. Heç kim zəmanət verə bilməz ki, cəzalanan hakim qayıdandan sonra əməllərini davam etdirməyəcək. Belə deyək, onların paklaşması üçün nə etmək lazımdır?
- Bunun üçün cəza mexanizmi var. Yalnız bu yolla vəziyyəti düzəltmək olar.

- Ancaq təcrübə göstərir ki, hakimlikdən kənarlaşdırılanlar bağışlandıqdan sonra da “ənənələrinə” sadiq qalıblar...
- Həmin hakimlərdən kimsə birdə “ilişsə”, artıq geriyə yol olmayacaq.

- Bir adamı hakimlikdən kənarlaşdırırsınızsa, demək, əlinizdə sübut var, elədir? Belə olan halda, həmin sübutu niyə hüquq mühafizə orqanlarına göndərmirsiniz? Axı adam rüşvət üstə tutulub...
- Bilirsiniz, UEFA-nın təlimatı belədir ki, siqnal varsa, həmin hakim getməlidir.

- Siz hakimləri əlinizdə sübut olmadan cəzalandırmısınız?
- Yox, yox. Deyirəm ki, yəni siqnal belə, cəzalandırmaq üçün yetərlidir.


- Sonuncu tur 4 fərqli liqada hakimlərin söyülməsi ilə əlamətdar olsa da, idarəçiliklərində irəliləyiş hiss olunur...
- Düzgün analiz etmisiniz. Bizim problemimiz oyun praktikasının azlığı ilə bağlıdır. Polşada toplanışda olan zaman artıq orada çempionat başlamışdı. Ona görə də, hakimlərimizi səviyyəli komandaların oyunlarında sınaya bilmədik. Çempionatın əvvəlindəki səhvləri bununla əlaqələndirirəm. Yavaş-yavaş ritmə düşürlər.

- Bəzən hakimlər klub rəsmilərinin təzyiqləri ilə üzləşirlər. Kənardan Hakimlər Komitəsinin onların arxasında lazımı səviyyədə durmadıqları sezilir...
- Razı deyiləm, onlar bilirlər ki, AFFA hakimlərin arxasındadır. Heç bir klub rəsmisi, futbolçu onlara heç nə edə bilməz. Özlərinə də demişik ki, kimsədən çəkinməyin. Belə baxanda qabaqlarında ki, Messi deyil, Ronaldo deyil, sıradan futbolçulardı. Vaxt keçdikcə, təcrübə topladıqca, qorxuda gedəcək.

- Klublarımız niyə hakimlərə bu qədər təzyiq edirlər?
- Bayaq da qeyd etdim, bunu klublardakı 2-3-cü dərəcəli adamlar edir. Heç bir klub prezidenti deməz ki, gedin səhvləri videoçarx hazırlayın, qoyun sayta. Mətbuatı da qınayıram, ancaq hakimlərin üzərinə gedirlər. Klubları, futbolçuları tənqid edin. Boş qapıya topu vura bilməyən hücumçu qalır qıraqda, gəlib hakimdən yapışırlar. Təbii, bizə dəstək olanlar da var.

- Çempionatın əsas bölümü irəlidədir. Bizi daha gərgin matçlar gözləyir. Hakimlərimiz bu yükü qaldıra biləcəkləri yönündə tərəddüdünüz yoxdur ki?
- İnanmasaydım, onlarla bu yola çıxmazdım. Vaxt keçdikcə, təcrübə qazandıqca, səhvlər də azalır. Xatırlayırsınız, ötən mövsüm də “Qarabağ” – “Neftçi” oyununu Rəhim Həsənov idarə etmişdi və səhvlərinə görə cəzalanmışdı. Bu dəfə bilərəkdən yenə ona təyinat verdim. İnkişafı görürsünüz? Matçı demək olar səhvsiz idarə etdi. Bu hakimləri qorumaq baxımından ən böyük iş klubların üzərinə düşür. Onları ləkələməməlidirlər. Təyinatlar açıqlanan kimi, başlayırlar hakimlərə zəng etməyə. Niyə? Xeyir ola? Hakim gedib kiminsə qapısını döymür ki, pul verin sizə kömək edim. Klublar özləri hər vasitəyə əl atırlar, təzyiq göstərirlər, pul təklif edib, yoldan çıxarırlar, sonrada deyirlər ki, hakim qərəzlidir. Əl çəkin onlardan. Təmiz futbol istəyən klub hakimə zəng etməz. Özü də, bunu da edən 2-3-cü dərəcəli adamlardı.

ŞAMO