Vaqif Sadıqov: Ürəyimi oxudunuz - MÜSAHİBƏ
03.10.2013 - 17:30
Vaqif Sadıqov: Ürəyimi oxudunuz - MÜSAHİBƏ
Topaz Premyer Liqasının IX turu çərçivəsində sabah “Simurq”la qarşılaşacaq AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- “Simurq” oyun öncəsi komandada itkilər varmı?
- Ukraynalı hücumçu Yuri Fomenko bu matçda iştirak etməyəcək. Dünən onun köhnə zədəsi yenidən özünü büruzə verib. Orxan Həsənov hələ bərpa prosesi keçir. Bu 2 futbolçu sabah oynamayacaq. Ancaq serbiyalı müdafiəçi Branislav Arseniyeviçin durumu qənaətbəxşdir.

- Sentyabrın 15-də Şüvəlanda “Qəbələ”yə yenilgi sizə yaman təsir edib. Həmin oyun da daxil olmaqla, 3 turdur qələbə qazana bilmirsiniz. Bunun səbəblərini müəyyənləşdirmisinizmi?
- Bu ondan irəli gəlir, çempionatda zəif rəqib yoxdur. Həmin 3 oyunda cəmi 1 xal qazanmağımıza baxmayaraq, komanda özünü yaxşı tərəfdən göstərib. Düzdür, bəzi problemlərimiz var. Vaxtımız az olsa da, bu problemləri də aradan qaldırmağa çalışırıq.

- Həmin problemləri açıqlaya bilərdiniz?
- Son 3 oyunumuzda start heyətində ən azı 3-4 dəyişiklik etməyə məcbur olduq. Çox futbolçumuz da yoxdur ki, ehtiyat qüvvəmizdən eyni səviyyəli oyunçuları meydana buraxaq. Bax, əsas problemimiz budur. Junior Aylton, Oskar Klyava, Aleksandr Şemonayev və ya Yuri Fomenko kimi əsas futbolçular oynamayanda, bu amil nəticəyə təsir edir. Fomenkodan biz hücumçu kimi hələ düz-əməlli yararlana bilməmişik.

- Hər halda, turnir cədvəlində üst sıralarda idiniz. Hamı “Rəvan”a qalib gələcəyinizi gözləyirdi. Ancaq autsayderlə də bacarmadınız...
- Bu gün autsayder yoxdur. Heç “Qarabağ” da “Rəvan”ı məğlub edə bilmədi. İş ondadır ki, komanda pis oyun sərgiləmir. Bizim üçün ən vacibi də budur. Qələbə qazanmağı biz də istəyirdik, rəqib də.

- Sabahkı oyunlarla çempionatda ilk dövrə başa çatacaq. Yəqin ki, birinci dövrəni ilk “üçlük”də bitirmək sizin üçün yaxşı nəticə olacaq...
- İlk yerlərdə qərarlaşmaq şansımız var. “Qəbələ” və “Xəzər Lənkəran”la oyunlarda bu şansımızdan yararlana bilməmişik. İstəyirik ki, indi “Simurq” üzərində qələbə qazanıb, liderlər qrupunda qərarlaşaq. Məncə, bunu futbolçular da dərk edir. Bizi sabah çox maraqlı oyun gözləyir.

- “Simurq”un güclü və zəif cəhətləri haqqında nə deyə bilərsiniz?
- Dünən “Simurq”u təhlil edərkən belə qərara gəldik ki, eyni tip komandayıq. Hər 2 komanda statistik cəhətdən intizamlı və kollektiv oyun nümayiş etdirir. Ona görə də bu oyunda yalnız ustalıq səviyyəsi yüksək olan futbolçular görüşün taleyini həll edə bilər.

- Ötən həftə futbolçunuz Con Oluremi “Sumqayıt”a vurduğu qola görə Topaz və PFL tərəfindən mükafatlandırıldı. Bu hadisə sizi çox sevindirdi?
- Ürəyimi oxudunuz. Mən də uşaqlara bunu deyirəm ki, görürsünüz, AZAL-ın oyunçusu hansı titullara sahib çıxır. Futbolçulara da deyirəm ki, vaxtınızı elə-belə keçirməyin. Çalışın ki, karyeranız ərzində nəsə qazanasınız.

- AZAL-dan yalnız U-21-ə Ruslan Tağızadə çağırılır. Əsas milliyə isə uzun müddətdir ki, bu klubdan heç kim dəvət almır. Bu nə ilə əlaqədardır?
- Hesab edirəm ki, hazırda yığmanın 2 vacib görüşü ərəfəsində heyətdə dəyişikliklər etməyə ehtiyac yoxdur. Ancaq gələcəkdə bizim klubdan da yığmaya oyunçular çağırıla bilər. Tural Nərimanov, Aleksandr Şemonayev və Qərib İbrahimov əsas millinin toplanışlarına dəvət oluna bilərlər.

Səbuhi TOFİQOĞLU