Tərlan Əhmədov oyundan və istefasından danışdı
23.10.2013 - 16:50
Tərlan Əhmədov oyundan və istefasından danışdı
“Azərbaycan çempionatı və kubokun ardından Superkuboku da qazanmaq istəyirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun məşqçisi Tərlan Əhmədov deyib.

Gənc çalışdırıcı Azərbaycan Superkubokunun Naxçıvanda keçirilən “Xəzər Lənkəran”la oyunu haqda fikirlərini açıqlayıb.

“Naxçıvandakı görüşdə 2 fərqli hissə izlədik. İlk yarıda oyunumuz alınmadı, məğlub duruma düşdük. Fasilədən sonra yetirmələrim yaxşı oynadı, hətta hesabı da bərabərləşdirdik. Lakin sonda məğlub olduq. Əlimizdən gələni etsək də, “Xəzər Lənkəran” layiqli qələbə qazandı”.

Qarşılaşmadan dərhal sonra Əhmədovun istefaya göndəriləcəyi xəbərləri yayılıb. Çalışdırıcının özü də bu haqda mətbuatdan xəbər tutduğunu bildirib: “Mən də bu haqda mətbuatdan eşitmişəm. Hələ mənə heç nə deyilməyib. Lakin rəhbərliyin istənilən qərarına hörmətlə yanaşmalıyıq. Onlar necə məsləhət bilsə elə də qərar verəcəklər. Bundan sonra necə olacağını biləcəm”.