“Yaxşı ki, hakimin qərarından sonra “sınmadıq” - MÜSAHİBƏ
23.10.2013 - 17:04
“Yaxşı ki, hakimin qərarından sonra “sınmadıq”  - MÜSAHİBƏ
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayevin apasport.az saytına müsahibəsi

- Qələbə münasibəti ilə təbrik edirik. Oyun gözlədiyiniz kimi keçdi?
- Bu qələbə bizə çox lazım idi. “Neftçi” əzəli rəqibimizdir. Onları udmaq istəyirdik. Sonda buna nail olduq. Qarşıda çətin oyunlarımız var. Çempionluq, ölkə kuboku yarışları. Onları qazanıb, 10 illik yubileyimizdə azarkeşlərə hədiyyə etmək istəyirik.

- Oyundan əvvəl nə danışırdınız?
- Biz rəqibdən daha istəkli idik. Həmin istək də kuboku Lənkərana aparmağımıza kömək etməli idi. Oyundan əvvəl bunu danışırdıq. Sonda da məqsədimizə çatdıq.

- Hakimin əvvəl penalti təyin edib, sonra qərarını dəyişməsi sizə necə təsir etdi?
- Çox kobud səhv idi. Hakimin qərarını dəyişməsi bizi “sındıra” bilərdi. Ancaq yaxşı ki, həmin qərardan sonra komanda “sınmadı”. Sona qədər mübarizə apardıq və qələbə qazandıq.

- Meydanda baş verənlər sanki komandanızın əleyhinə idi. Tounkara qırmızı vərəqə alaraq sizi azlıqda qoydu...
- Nə deyim, futbolda belə şeylər də olur.

- Həmin vaxt ümidsizliyə qapıldınızmı?
- Əlbəttə, qapıldıq. Çox hirsləndik. Sona qədər mübarizə apardıq, xarakter göstərdik və qələbə qazandıq.

- Oyunun Naxçıvanda keçirilməsi haqda nə düşünürsünüz?
- Bizim üçün heç bir fərqi yoxdur - Naxçıvan və ya Bakı. Peşəkar futbolçularıq, harada desələr, orda da oynayacağıq.