Con Toşak: ...ikinci ambulans mənim üçün gəlmişdi
23.10.2013 - 17:06
Con Toşak: ...ikinci ambulans mənim üçün gəlmişdi
“Güclü olan komanda qalib gəldi. Qələbəyə layiq idik. İlk hissədən sonra 1:0 oyunun göstəricisi deyildi. Ən azı 2 top fərqi ilə irəlidə olmalı idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

“Xəzər Lənkəran” bu gün Naxçıvanda keçirilən Azərbaycan Superkuboku uğrunda oyunda prinsipial rəqibi “Neftçi”ni məqlub etdi – 2:1. Matçdan sonra təşkil edilən mətbuat konfransında uelsli mütəxəssis qələbədən və Saudi Tounkaranın aldığı qırmızı vərəqədən danışıb: “Qırmızı vərəqə aldıqdan sonra vəziyyətin çətin olduğunu bilirdik. Sonra bəzi dəyişiklər etdik, müdafiədə etibarlı oynadıq. Cərimə zərbəsindən sonra qol vurduq. Yəqin, ikinci ambulans mənim üçün gəlmişdi. Hakimin o qərarı anlaşılmaz idi. Bizim ölkəmizdə belə bir deyim var: Verən də, alan da şeytandır. Tounkaranın qırmızı vərəqə aldığı epizodu da görmədim, o da mənim üçün anlaşılmaz qaldı. Görünür, rəqibin təxribatına uydu. “Neftçi” onun qarşısını heç cür ala bilmədiyindən, belə təxribata əl atdı. Ola bilsin, bu, ona gələcəkdə dərs olar”.

Penalti epizoduna gəlincə, Toşak bildirib ki, həmin penaltinin yerinə yetirilməsini istəyirmiş: “Penalti verilirsə və sonra dəyişdirilirsə, bu, “Xəzər Lənkəran”ı yox, “Neftçi”ni motivasiya etməli idi. Komandamızın göstərdiyi xarakter nəticəsində qələbə qazandıq. Lənkəranda da “Neftçi”dən üstün oynamışdıq”.