“Xəzər Lənkəran” daha yaxşı motivasiya olacaq” - MÜSAHİBƏ
23.10.2013 - 23:01
“Xəzər Lənkəran” daha yaxşı motivasiya olacaq” - MÜSAHİBƏ
“Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin apasport.az saytına müsahibəsi

- Avrokuboklarda və çempionatın ilk 2 turunda qapını Miro Vardoviç qorusa da, sonradan hadisələrin axarı xeyrinizə dəyişdi. Nə baş verdi ki, baş məşqçi Qurban Qurbanov “çərçivə”ni sizə həvalə etdi?
- Həqiqətən də məşqlərdə, toplanışlarda ciddi hazırlaşırdım, ruhdan düşmürdüm. Düzdür, Avropa Liqasının heç bir oyununda meydana çıxmadım. Ancaq çempionatın II turundan sonra Qurban müəllim mənə etimad etdi. Oyunumla əsas qapıçı olmağa layiq olduğumu sübut etdim. Çalışıram komandama xeyir verim. Bu, hardasa alındı. Ardıcıl 8 oyunda qapını mən qorudum və inanıram ki, çıxışımla azarkeşlərimizi də sevindirməyi bacarıram.

- Yeri gəlmişkən, “Qarabağ” cari mövsümdə qapısından 4 top buraxıb. Bu toplardan 2-si Mironun, digər 2-si isə sizin payınıza düşür. Amma oyun baxımından o, 2, siz isə 8 matçda qapını qorumusunuz. Statistika sizin daha etibarlı qapıçı olduğunu deyir...
- Məncə, bu pis göstərici deyil. Əlbəttə, hələ çempionat davam edir. Sabah nə olacağını indidən demək mümkün deyil. Çalışacağam ki, qapımı toxunulmaz saxlayım. Yəni “quru” seriyanı davam etdirim.

- “Qarabağ” 3-cü qapıçı ilə də anlaşdı. İbrahim Sehiçin gəlişi nəyi dəyişəcək?
- Hər bir klubda yaşanan təcrübədir. Güclü oyunçularla yanaşı, qapıçılar da heyətə cəlb edilir. Bosniya və Herseqovina yığmasında da çıxış etmiş Sehiçi tanıyırdım. Türkiyə Superliqasında oynayıb. “Mersin idman Yurdu” I liqaya düşdükdən sonra komandadan ayrıldı. Güclü qapıçıdır. Rəqabət olan yerdə qapıçıların səviyyəsi də artır. Gərək həm məşqdə, həm də oyunda özünü etibarlı göstərəsən ki, şans qazanasan. Hər yeni gələn futbolçunun yaxşı çıxışı “Qarabağ”ın xeyrinədir.

- Onun gəlişi sizin ehtiyata göndərilməyinizə səbəb ola bilərmi? Çünki artıq bu təcrübə əvvəlki illərdə yaşanıb.
- Bunu vaxt göstərəcək. Yerimi heç kimə verməməyə çalışacağam. Təbii ki, yaxşı oyunumla bunu etməliyəm. Amma futbolda hər şey ola bilər. Kimin əsas heyətdə yer alacağına isə baş məşqçi qərar verəcək. Hər an meydana çıxmağa hazır olmaq lazımdır.

- Sehiçin transferindən sonra Mironun getmək ehtimalı istisna deyil. Özü getmək istəməsi ilə bağlı fikir bildirib?
- Açığı, getmək istəməsi ilə bağlı heç bir söz eşitməmişəm. Ola bilsin, ehtiyatda qalmaq istəmədiyinə görə, bu addımı atsın. Gələcəkdə necə olacağı barədə Miro özü qərar verəcək. Rəqabətdir. Hər kəs kimi, o da çalışacaq ki, əsas heyətə düşsün.

- Həftəsonu “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu oyuna necə hazırlaşırsınız?
- İki qələbənin ardından bizi ciddi sınaq gözləyir. “Xəzər Lənkəran” son oyunlarda yüksəlişdə olduğunu göstərir. Onlarla oyunumuz ağır keçir. Bura matçın səfərdə keçəcəyini də əlavə etsək, çətin bir duelin şahidi olacağımızı deyə bilərəm. Rəqib meydanından sərfəli nəticə ilə dönməyi planlaşdırırıq.

- “Xəzər Lənkəran”nın oyuna hazırlaşmaq üçün vaxtı az olacaq. Çünki komanda həm də Superkubok görüşü keçirib. Bu məqam “Qarabağ” üçün üstünlük ola bilərmi?
- Cüzi də olsa, bu məqam xeyrimizədir. Digər yandan, “Xəzər Lənkəran”ın qələbə qazanmaqla oyuna daha yaxşı motivasiya olacaq.

- Hazırda “Neftçi” ilə eyni sayda xal toplasanız da, turnir cədvəlinə başçılıq edirsiniz. Mövqeyinizi sona qədər qorumağı bacaracaqsınızmı?
- Mövsümün əvvəlində çempionluq uğrunda mübarizə aparacağımızı bildirmişik. Real şansımız var. Marafon uzundur. Ancaq hər bir oyuna final matçı kimi baxırıq. İndidən xal ehtiyatımızı artırmalıyıq.

- Ötən il də çempionluq uğrunda mübarizə apardığınız deyirdiniz, amma finişə ikinci çatdınız.
- “Neftçi” ilə öz aramızdakı sonuncu oyunda uduzub, çempionluğu əldən verdik. Ona görə də işimizi vaxtında görməliyik ki, sonda məyus olmayaq.