Mirhüseyn Seyidov: Final mərhələsinə yüksəlmək haqda düşünürük - MÜSAHİBƏ
24.10.2013 - 15:30
Mirhüseyn Seyidov: Final mərhələsinə yüksəlmək haqda düşünürük - MÜSAHİBƏ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi və “Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun apasport.az saytına müsahibəsi

- 18 illik fasilədən sonra keçirilən Superkubok oyununda məğlub oldunuz. Bu məğlubiyyətin səbəbini nə ilə izah edə bilərsiniz?
- Oyunun Naxçıvanda keçirilməsi mənim üçün yaxşı idi. Çünki burda doğulub-böyümüşəm. Üstəlik mövsümün gedişində bu matçın baş tutması da müsbət amil idi. Düzdür, kuboka sahib çıxa bilmədik, amma maraqlı qarşılaşma baş tutdu. Fikrimcə, oyun azarkeşlərin ürəyincə oldu. Bölgələrdə futbolu inkişaf etdirmək üçün bu cür addımlar müsbət effekt verəcək. Bu gün kuboku qazana bilməsək də, bizi uzun marafon gözləyir. İstəyirik ki. ən azı ötən mövsümkü nəticələrimizi təkrarlayaq.

- İlk “11-lik”də meydana çıxacağınızı gözləyirdinizmi?
- Gözləyirdim. Çünki ötən tur “Rəvan”la oyunun ikinci hissəsində meydana çıxmışdım. Məşqçilərin dediyinə görə, yaxşı oynamışdım. Ona görə də şans gözləyirdim. “Neftçi” kimi komandanın əsas heyətində meydana çıxmaq sevindirici hal idi.

- Əvəzlənərkən yerli azarkeşlər sizi alqışladılar. Deyəsən, fanatlarınız çoxalıb?
- Naxçıvanda dost-tanış çoxdur. Tez-tez zəng vurub, maraqlanırdılar. Buna görə də gözləyirdim. Oyunum yaxşı alınmasa da, məni alqışladılar. Bu da böyük dəstəkdir.

- Qarşıdan Premyer Liqanın “Simurq”la oyunu gəlir. Həmin oyunda da şans gözləyirsinizmi?
- “Neftçi”nin hazırkı heyəti hardasa üç ilin komandasıdır. Ona görə də dəyişikliklər az olur. Çünki komanda sabit oyun göstərir. Çalışıram ki, əsas heyətdə yer alım. Amma buna asanlıqla nail olmaq mümkün deyil. Hər günün öz hökmü var. Yaxşı məşq etməli, özünü sübut etməlisən. Bundan sonra heyətə düşə bilərsən. Ötən il çox az oynadım. Cari çempionatda daha çox oynamaq imkanı qazanıram. Marafon uzundur. Çalışacam ki, əsas heyətdəki yerimi qaytarım.

- “Simurq”da çətin komandadır. Bu qarşılaşma haqda nə deyə bilərsiniz?
- Çempionat oyunu fərqli olur. “Simurq” ağır, çətin komandadır. Rəqiblərimiz bizə qarşı var gücləri ilə mübarizə aparır. 3 xal qazanmaq üçün “vuruşacağıq”. Qələbə qazanmalıyıq ki, gələn həftə “Xəzər Lənkəran”la oyuna daha yaxşı konsentrasiya olaq.

- U-21-in son iki oyununu necə xarakterizə edərdiniz?
- İsrailə böyükhesablı məğlubiyyətdən sonra Norveçə qarşı yaxşı motivasiya olmuşduq. Çünki geriyə dönüş yox idi. Ən azı uduzmamalı idik. Uşaqlar sona qədər mübarizə apardı. Norveç də zəif deyildi. Ardınca Portuqaliya ilə qarşılaşdıq. Rəqibin heyətində tanınmış futbolçular cəmləşib. Müqavimət göstərsək də, məğlubiyyətdən qaça bilmədik. Ümumiyyətlə, cari seçmə mərhələdə U-21 üçün yaxşı şans yaranıb. Çalışırıq ki, öz klubumuzda daim oynayaq, təcrübəmizi artıraq və U-21-in rəsmi oyunlarına hazır yollanaq. Final mərhələsinə qoşulmaq üçün şansımızı yaxşı dəyərləndirməliyik.

- Makedoniya ilə səfər oyunu gəlir. Bakıdakı dueldə qapılara qol vurulmamışdı. Bu matçdan nə gözləyirsiz?
- Final mərhələsinə yüksəlmək haqda düşünürüksə, qələbə qazanmalıyıq. Norveçdəki kimi istəkli olsaq, qələbə qazanacağıq. Şanımızı əldən vermək istəmirik.