11 oyunluq məşqçi
24.10.2013 - 17:00
11 oyunluq məşqçi
Tərlan Əhmədovun “Neftçi”nin “sükan”ı arxasındakı fəaliyyəti 3 ay çəkib. Apasport.az saytının məlumatına görə, Böyükağa Hacıyevin istefasından sonra baş məşqçi vəzifəsini müvəqqəti icra edən gənc çalışdırıcı “ağ-qaralar”ı 11 oyuna çıxarıb.

Əhmədovlu “Neftçi” Topaz Premyer Liqasında 10 oyun keçirib. Bu müddətdə 6 qələbəyə sevinən gənc mütəxəssis 3 dəfə bərabərliklə kifayətlənib. Hazırda 21 xalla “Qarabağ”la şərikli lider olan “ağ-qaralar” onunla yalnız 1 görüşdə - “Bakı” ilə səfər matçında məğlubiyyət acısı yaşayıb.

Ölkə çempionatında əldə edilən nəticələr qənaətbəxş olsa da, “Neftçi”nin dünən Azərbaycan Superkubokunda “Xəzər Lənkəran”a uduzması Əhmədovun sonunu gətirdi. Klub rəhbərliyi bu gün məşqçilər korpusunun istefasını qəbul edərək, onunla yollarını ayırdı.

Qeyd edək ki, “Neftçi” yeni baş məşqçisinin adını sabah açıqlayacaq.