“Futbolçunu seçim qarşısında qoyurlar” - MÜSAHİBƏ
25.10.2013 - 12:35
 “Futbolçunu seçim qarşısında qoyurlar” - MÜSAHİBƏ
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

- Millimiz Avropa çempionatının seçmə mərhələsində zəif təsir bağışladı. Rəhbərlik etdiyiniz komandanın çıxışını necə dəyərləndirirsiniz?
- Bəli, İsveç (1:5) İrlandiyaya (0:2) uduzduq, Bosniya və Herseqovinaya ilə heç-heçə oynadıq (0:0). Elit mərhələyə adlamaq şansımız olsa da, bundan yararlana bilmədik. Bizdə heyətlə bağlı problem vardı. Uşaqlar oyun praktikası baxımından əziyyət çəkirdilər. Elə oyunçular da var ki, klublar onları toplanışlara buraxmırdılar. Futbolçularımız əllərindən gələni etdilər, yaxşı mübarizə apardılar. Ancaq rəqiblərin bizdən güclü olduğunu etiraf etmək lazımdır. Oyunlarda səviyyə fərqi hiss olunurdu. Bizə qalan təcrübə oldu. Bu cür turnirlər oyunçuların inkişafı üçün çox önəmlidir.

- Futbolçularımızın ustalıq səviyyəsinin rəqiblərdən aşağı olmasını nə ilə əlaqələndirirsiniz?
- Yaxın keçmişlə müqayisədə, indi şərtlər dəyişib. AFFA milli komandalarımız üçün hər cür şərait yaradıb. Oyunçu klubdan milliyə hazır gəlməlidir. Kimisi formada deyil, kimisi klub buraxa bilmədiyi üçün gələ bilmir. Akademiyalar da bütün ölkəni əhatə etməyib. Bir çox klubların hələ akademiyası yoxdur. Bu da önəmli, həlledici amildir.

- AFFA ilə işinizi davam etdirmək istəyi hər hansı bir klubdan təklif almamağınızla bağlıdır?
- Düzdür, klubdan təklif almamışam. Ancaq məsələ bunda deyil. İstəyirəm ki, başladığım işdə nəsə nəticə olsun. AFFA etimad göstərib, mən isə əlimdən gələnin ən yaxşısını etməliyəm.

- Xarici klublarda çıxış edən soydaşlarımızı milliyəm dəvət edərkən, müəyyən problemlərlə üzləşirsiniz. Bu, sizi daha çox yerli komandaların oyunçularına bel bağlamağa sövq edir?
- Həqiqətən xaricdə oynayan soydaşlarımız yığmaya cəlb etmək asan deyil. Bildiyiniz kimi, onlar millimizdə oynamağa razı olmaqla, çıxış etdikləri klubda legionerə çevrilirlər. Buna isə hər klub razılıq vermir. Yəni, futbolçunu seçim qarşısında qoyurlar. Düşünürəm ki, bu templə yaxın gələcəkdə ölkəmizdə daha yaxşı oyunçular yetişəcək.

- Növbəti il üçün planlarınızı bilmək istərdik?
- U-19 millisi elədir ki, futbolçunun yaşı keçən kimi heyəti təzələməyə məcbursan. Demək olar sıfırdan komanda quracağıq. Qarşıda ənənəvi Valentin Qranatkinin xatirə turniri var. Noyabrda və dekabrın əvvəlində seleksiya xarakterli toplanışlar olacaq. Döyüşkən bir heyət formalaşdırmaq istəyirik.