“Lazım gəlsə, meydana çıxa bilərəm”
25.10.2013 - 17:00
“Lazım gəlsə, meydana çıxa bilərəm”
“Xəzər Lənkəran”ın rumıniyalı yarımmüdafiəçisi Adrian Pitin apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”a yenidən qayıtmışsınız. Təbrik edirəm.
- Sağ olun. Ancaq mən əsas komandaya qayıtmamışam. Mən hələ ki bura əvəzedici komandada məşq etməyə gəlmişəm.

- Sizin əvəzedici komandaya qayıtdığınızı bilirik. Elə onu soruşmaq istəyirdik ki, necə oldu ki, “Xəzər Lənkəran”a qayıtmaq fikrinə düşdünüz? Klubun vitse-prezidenti ilə görüşünüz deyəsən baş tutub...
- Mən sadəcə “Xəzər Lənkəran”ın 2-ci komandasında məşq edirəm. Burda isə klub rəhbərliyindən heç kimlə görüşməmişəm. Nə də ki rəhbərlikdən heç kim mənimlə əlaqə saxlamayıb.

- Bəs Lənkərana qayıdıb məşq etməyinizi kim istəyib?
- Klubun Bakı ofisindən mənə zəng olunub. Ancaq mənə zəng edən şəxs nə Tuyqun Nadirov, nə də komandanın rəisi Səməd Mustafayev idi. Mənə Elvin İsmixanov (Lisenziya üzrə menecer – S.T.) zəng edib deyib ki, kluba qayıdım. O, Nadirov, Mustafayev və Ramil Cahangirovla (Beynəlxalq əlaqələr üzrə menecer – S.T.) klubun ofisində bir yerdə işləyir.

- Bura qayıtdıqdan sonra da klub rəhbərliyindən heç kimlə görüşməmişsiniz?
- Hələ yox. Rəhbərlikdən heç kim Lənkəranda deyil. Onların Lənkərana bu gün və ya sabah gələcəyini də bilmirəm.

- Bugünkü məşq “Xəzər Lənkəran”ın əvəzedicilərində ilk hazırlığınız idi?
- Bəli, əvəzedici komandada ilk məşqimi bu gün keçdim. Hazırda isə Lənkəranda qaldığım oteldə istirahət edirəm. Hələ ki əsas komandada məşq etməmişəm.

- Hiss olunur ki, əvəzedici komandada olmağınızdan narazısınız. Ancaq fikrimcə, klubsuz qalmaqdansa, ikinci komandada oynamaq daha yaxşıdır...
- Bunu elə də pis qarşılamıram. Futbolçu həyatı üçün bu, çox normal haldır. Mən peşəkar futbolçuyam. Oyunçu üçün əsas vaxtı-vaxtında məşqini etmək və futbolunu oynamaqdır...

- “Xəzər Lənkəran”la müqavilənizin müddəti nə vaxt başa çatır?
- 2014-cü ilin iyunun 30-da. Yəni növbəti ilə kimi bu kluba hələ məxsusam.

- Sizin başqa bir kluba icarəyə verilmək variantınız var?
- Bunu bilmirəm. Məncə, bu sual mənə verilməməlidir. Bunu klub rəhbərliyindən soruşsanız, daha yaxşı olar.

- “Xəzər Lənkəran”ın əvəzedici komandası sabah “Qarabağ”la oynayacaq. Sizin meydana çıxmaq ehtimalınız var?
- Bunu da rəhbərlikdən soruşmaq lazımdır. Mən də bunu bilmək üçün Elvinə SMS yazdım, ancaq ondan cavab gəlmədi. Əgər oynamağım lazım gəlsə, meydana çıxa bilərəm.

- Əsas komandanın bəzi üzvləri – Edu Oriol və Radomir Todorov kimi oyunçular da əvəzedicilərdə çıxış edir. Bunu bilirdiniz?
- Bilirəm. Ancaq onlar məşqlərini əvəzedici komandada keçirmir. Həmin oyunçular əsas komandanın hazırlıqlarında iştirak edir.

- Ancaq həmin oyunçular, eləcə də Tunkara Sadio, Uğur Pamuk və Ağabala Ramazanov bəzən əvəzedici komandada oynayır...
- Bəzən. Bu keçmişdə olub. Mən onların heç birini bu gün əvəzedici komandanın məşqi zamanı görmədim.

Səbuhi TOFİQOĞLU