“Turan-T” futbolçuları meydana çıxmaqdan imtina etdi
27.10.2013 - 12:11
“Turan-T” futbolçuları meydana çıxmaqdan imtina etdi
Tovuzun “Turan-T” klubu ciddi problemlər üzləşib. Apasport.az saytının məlumatına görə, I divizionda çıxış edən əyalət təmsilçisi maliyyə çətinliklərindən əziyyət çəkir.

Vaxtilə Azərbaycan çempionu olan “Turan” adından imtina edən, bununla da FİFA-nın mövsümə “-6” xalla başlamaq cəzasından qaçan yeni komandada böhran son həddə çatıb. Belə ki, klub rəhbərliyi futbolçularına maaş ödəmədiyi üçün əsas heyət üzvləri meydana çıxmaqdan da boyun qaçırır. Onların oynamaqdan imtina etməsi alacağı pul ödənən vaxta qədər davam edəcək.

Bu üzdən bu gün “Bakılı” ilə keçiriləcək VII turun ev oyununda meydana yeniyetmə və gənclər çıxacaq. Lakin vəziyyətin belə davam edəcəyi halda onların da pulsuz oynamaqdan bezəcəyi gözlənilir. Hazırda turnir cədvəlində 5-ci olan “Turan-T” bu heyətlə paytaxt təmsilçisindən xal alacağı da inandırıcı görünmür.