Şeyx Nəsrullahın “Turan”ı...
28.10.2013 - 12:00
Şeyx Nəsrullahın “Turan”ı...
Ölən adamın ruhunun başqa bir bədəndə dünyaya gəlməsi fikri qədim zamanlardan filosofların diskussiya mövzusu olub. Günümüzdə də bu inanca müsbət yanaşanlar var. Məsələn, indiki yaşamında qəpiyə güllə atanın biri gələcək həyatında cah-cəlal içində kef çəkməyin xəyalını qurur...

Boş söhbətdir!

Təkcə ona görə yox ki, bu cür uydurma şeylər müqəddəs dinimiz olan İslama ziddir. Həm də ona görə ki, reinkarnasiyanın insan təxəyyülünün məhsulu olmasına dair real sübutlar var.

Buyurun, bu da sizə fakt: zəmanəmizin Şeyx Nəsrullahı, Karma fəlsəfəsindən ilham alan Namiq Məstanovun reinkarnasiya üsulu ilə diriltdiyi “Turan” yenidən çapalayır.

Təxminən, 300 min manat borca görə boynunu kəndirə keçirən, lakin tezliklə “Turan T” adı ilə zühur edən Tovuz klubunda dəyişən heç nə yoxdur. Yəni, komanda əvvəlki yaşamında necə idisə, indi de elə ömür-gün sürür. Daha doğrusu, sürünür.

Klub rəhbərliyin boş vədlərə, yalanlara qarnı tox olan futbolçulara verəcək başqa bir şeyi yoxdur. Artıq heyət üzvləri də təngə gəliblər. Onların I divizionun sonuncu turunda, “Bakılı” ilə ev oyununda meydana çıxmaqdan imtina etmələri bıçağın sümüyə dirənməsindən irəli gəlir. Adamlar haqlarını, çəkdikləri əziyyət qarşılığında maaşlarını istəyirlər.

Avrokubokda ölkəmizi təmsil edən ilk klub kimi tarixə düşən, xeyli sayda futbolçu yetişdirən “Turan”ın son illər borc içində üzdüyü acı bir həqiqətdir. Komandanın bu cür yaşamasındansa, “qəbirə” girməsinin daha doğru olduğunu dəfələrlə yazmışıq. Zira, buna da imkan vermədilər. Yeni rəhbərlik borcdan yaxa qurtarmaq üçün Tovuz klubunu məzara soxub, çıxartdı. Nə üçün? Yenidən futbolçuların başını aldadacaqdınızsa, “bu gün yoxdur, sabah gəl” deyə-deyə, günü-günə satacaqdınızsa, bu fırıldağa nə üzlə əl atırdınız? Musa Süleymanovun bu cür böhranları müvəqqəti də olsa idarə etməkdən ötrü oyunçulara verəcək ən azı 3-5 kisə kartofu vardı...

Görəsən, əli cibində gəzən Məstanov nə düşünür? Gələn il “Turan T”nin adını dəyişməyə necə baxırsınız? Borcdan yaxa qurtarmaq üçün sınanmış metoddur.

ŞAMO