Uçurum
28.10.2013 - 14:00
Uçurum
Topaz Premyer Liqasının XI turu turnir cədvəlində uçurum yaradıb. Apasport.az saytının məlumatına görə, baş tutan 55 qarşılaşmadan sonra 3 komanda izləyicilərindən “qaça” bilib. Çempionatın lideri “Qarabağ” 24, onun ən yazın izləyiciləri “Neftçi” ilə “Qəbələ” 22 xal toplayıbsa, 4-cü yerin sahibinin cəmi 15 xalı var.

Turnir cədvəlinin 3-cü və 4-cü komandası arasında 7 xallıq fərqin olması isə o anlama gəlir ki, kiminsə bu “üçlük”dən qopması və başqası ilə əvəzlənməsi üçün azından 3 tur lazımdır. Düzdür, artıq neçə turdur bu 3 komanda digərlərindən öndə qərarlaşıb. Lakin indiyədək fərq bu hədə çatmamışdı. Əslində, indiki turnir cədvəlində 1 deyil, 2 uçurum diqqət çəkir.

Belə ki, 8-ci yerdən 6 xal geri qalan “Rəvan” və digər autsayder “Sumqayıt” son pillələr üçün döyüşəcəyi ilə barışmaq üzrədir.

Belə uçurumlar isə Azərbaycan çempionatı üçün bir az yaddır. Bundan əvvəlki son 5 çempionatın 11 turundan sonrakı turnir cədvəllərinə baxsaq, bir daha buna əmin olarıq.

2008/09 mövsümündən başlayaraq müqayisə etdiyimiz müddətdə qonşular arasında (indi 3 və 4-cü yerlər) fərq adətən 4-dən çox olmayıb. Əvvəlki 5 ildə yalnız 1 dəfə 4-dən böyük olan fərq 6 xallıq uçuruma bərabər olub. 2009/10 mövsümündə 10-cu olan “Muğan” qonşusu olan “Karvan”dan 6 xal qabaqda yer almışdı. Elə indi də son 2 yerdəki komanda ilə onların önündəki arasında eyni – 6 xal fərqi var. Liderlər isə 7 xal üstünlüklə izləyicilərini kölgədə qoyub.

Maraqlıdır ki, ötən mövsüm 7 xallıq intervalda 10 komanda qərarlaşmışdı. Yəni 1-ci yerlə 10-cu pillə arasında 10 xal fərqi var idi. İndi isə bu, 4-cü yerin ilk “üçlük”dən geri qalma fərqidir. “Üçlüy”ün ən yaxınındakı komandanın zirvədən 9 xal geridə olması da diqqət çəkir. Don 5 ildə bu fərq 6-dan yuxarı olmamışdı. 2008/09 mövsümündə isə 1-ci yerlə 4-cü yeri cəmi 1 xal ayırırdı.

Müqayisə üçün Avropanın ən güclü çempionatlarına “Böyük beşliy”ə nəzər salsaq, yalnız Almaniyada bizdəki kimi fərq görmək olar. Bundesliqada 3-cü olan “Bayer” “üçlüy”ün ən yaxın izləyicisi “Borussiya”dan (Mönhenqladbax) 9 xal öndədir. Hətta uçurumları ilə diqqət çəkən İspaniyada da hələlik bizdəki vəziyyət yaranmayıb.