“Spartak”çılar qayıdır - FOTO
28.10.2013 - 14:29
“Spartak”çılar qayıdır - FOTO
Topaz Premyer Liqasının XI turu 2 təcrübəli futbolçunun meydana dönüşü ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, neçə oyundur müxtəlif səbəblərdən ehtiyatda qalanlar – İqor Mitreski və Georgi Lomayanın bəxti açılıb.

Maraqlıdır ki, onların hər ikisi Azərbaycana gəlməzdən xeyli əvvəl eyni klubda - Moskva “Spartak”ındakı çıxışları ilə tanınıblar.

“Neftçi”nin heyətində 3 qat Azərbaycan çempionu olan Mitreski üçün baş məşqçi dəyişikliyi düşərli olub. Əvvəlki 10 turda müdafiəçiyə cəmi 2 dəfə güvənən Tərlan Əhmədovun istefaya göndərilməsi, yeni baş məşqçi təyin olunan Nazim Süleymanovun isə təcrübəli oyunçuya ehtiyac duyması İqorun işinə yarayıb.

Üstəlik, Karlos Kardosonun zədələnməsi də makedoniyalının 56 gündən, ardıcıl 5 qarşılaşmada ehtiyatda oturmasından sonra meydana dönməsinə səbəb olub. V turun “Bakı” ilə oyunundan sonra Mitreski heç şans qazanmırdı. “Simurq”la qolsuz başa çatan görüşdə isə arxa xətt oyunçusu yenidən öz mövqeyində yer aldı.

Azərbaycan çempionu titulu qazanmış daha bir təcrübəli oyunçu Lomaya isə mövsümdə 2-ci qarşılaşmasına çıxıb. Yalnız III turun AZAL-la matçında sonradan meydana çıxan gürcüstanlı 69 gündən sonra heyətə düşüb. Kaxaber Sxadadze onu yenidən AZAL-la matçda meydana buraxıb. Bu dəfə 10-cu dəqiqədə deyil, ilk saniyədən heyətdən olan qolkiper qol da buraxmayıb. Hərçənd 69 gün öncə onun qapısına 2 qol vurulmuşdu. Buna qədər isə Lomaya ehtiyatda oturmaqla diqqət çəkirdi.