Diniyevin 100-cü oyunu, ilk xalı
28.10.2013 - 18:34
Diniyevin 100-cü oyunu, ilk xalı
Topaz Premyer Liqasının XI turunda “Rəvan” “Bakı” ilə qarşılaşdı. Apasport.az saytının məlumatına görə, "Bayıl Arena”da keçirilən oyunda qol olmasa da, maraqlı və gərgin mübarizə yaşandı. Bu oyun həm də bir neçə cəhətdən fərqləndi.

Axı “Rəvan” Premyer Liqada iştirak etdiyi ardıcıl 3-cü mövsümdə də ev oyununda “Bakı” ilə “sülh bağladı”. Qolsuz heç-heçə 0:0-ların sayının 2-yə çatmasına səbəb oldu. 1 dəfə isə bu rəqiblə hərəyə 1 qol vurub 1 xal qazaıb.
“Bakı” ilə oyundakı “sülh” həm də “Rəvan”ın “Bayıl Arena” stadionunda keçirdiyi görüşlərdə əldə olunan ardıcıl 4-cü heç-heçə anlamına gəlir. İndiyə qədər komanda nəinki Premyer Liqada, heç I divizionda da dalbadal 4 ev oyununda heç-heçə etməmişdi.

Cari mövsüm 3-cü dəfə "quru” oynayan “Rəvan” üçün görüş həm də Premyer Liqa çərçivəsində keçirilən 75-ci qarşılaşma kimi yadda qaldı. Hesabına 19-cu elita "sülh”ünü yazan "Rəvan” 23 dəfə qələbə qazanıb, 33 dəfə xalsız qalıb. Bu müddətdə komanda hesabına 88 xal yazdıra bilib.

Oyunun daha bir özəlliyi baş məşqçi Şahin Diniyevlə bağlıdır. Belə ki, təcrübəli mütəxəssis "Rəvan”da ilk xalını ölkə çempionatlarında baş məşqçi kimi yubiley – 100-cü matçına çıxarkən qazanıb. O, bu nəticəni 3 klubdakı fəaliyyəti ilə əldə edib.
"Rəvan”a qədər Diniyev "Qarabağ-Azərsun” (51 oyun) və "Gəncə”nin (47 oyun) baş məşqçisi kimi ölkə çempionatının həyəcanını yaşayıb. Qeyd edək ki, hazırda Şahin Diniyevin aktivində 49 qələbə, 21 heç-heçə və 30 məğlubiyyət var. Premyer Liqada 50-ci qələbənin astanasında olan Diniyevin Azərbaycan çempionatları tarixində 100 və daha çox oyunda baş məşqçi olan 21-ci çalışdırıcı kimi tarixə düşdüyünü də vurğulayaq.

Mənbə: revanfc.az