“Araz”ı hesabdan silmək olmaz”
29.10.2013 - 10:22
“Araz”ı hesabdan silmək olmaz”
“Sportinq”i dostumdan yaxşı tanıyıram. Onlara qarşı oynamaq asan olmayacaq. Ona görə ki, bu komandada təcrübəli oyunçular var. Ancaq hər bir oyunçunun səhvi və ya zəif tərəfləri olur”. Apasport.az saytının məlumatına görə, bunu Macarıstanın “Dyor” klubunun futzalçısı Fabio Aquyar deyib.

Fabio hazırda Portuqaliya yığmasının düşərgəsində iştirak edir. Gələn il Belçikanın Antverperven şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədilə İspaniya millisi ilə yoldaşlıq görüşlərinə dəvət alan Fabio verdiyi müsahibəsində çıxış etdiyi klubun Futzal Kubokunda “Dördlər Finalı”na çıxmaq şanslarını dəyərləndirib.

Portuqaliya millisinin üzvü noyabrın 21-24-də vətənində keçiriləcək oyunlar haqqında danışarkən təmsilçimiz “Araz”ı siyahıdan silməməyi məsləhət görüb: “Niyə də “Dördlər Finalı”na çıxmayaq? Ancaq bu asan olmayacaq! Fikrimcə, “Araz”la “Sportinq”ə qarşı oynamaq ötən il qrupumuzda olan “Luparense”, “İberiya” və “Benfika”ya qarşı çıxış etməkdən daha çətindir. “Eyndhoven” nisbətən az güclü komandadır. Ancaq onların da Karim Bali kimi çox yaxşı oyunçusu var. “Araz” heyətinə 3 yeni oyunçu qatdığını təsdiqləyib. Fikirləşirəm ki, onlara qarşı oyunumuz çox çətin olacaq. Düzdür, biz ancaq növbəti mərhələyə çıxmağa köklənmişik. Ancaq fikrimcə, “Araz”ı hesabdan silmək olmaz”.

Qeyd edək ki, Fabio ötən ay Portuqaliya millisinin yığmamızla yoldaşlıq oyunlarında forma geyinib.