Aqil Nəbiyev: “Bakı” başqa niyyətdə idi - MÜSAHİBƏ
29.10.2013 - 15:36
Aqil Nəbiyev: “Bakı” başqa niyyətdə idi - MÜSAHİBƏ
“Bakı”nın icarə əsasında “Rəvan”da forma geyinən müdafiəçisi Aqil Nəbiyevin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının hesabat turunda “Bakı” ilə heç-heçə etdiniz. Müqavilə ilə məxsus olduğunuz komandaya qarşı oyunda xüsusi motivasiya var idi?
- Görüşdən əvvəl bununla bağlı jurnalistlər mənə tez-tez sual verirdilər. Açığı, digər oyunlara necə, bu qarşılaşmaya da elə hazırlaşmışdım. Peşəkar futbolçu bu cür etməlidi. Kinli olmaq yaxşı hal deyil. “Rəvan”a öz istəyimlə gəlmişdim. İstəsəydim, “Bakı”da qalardım. Bilirdim ki, baş məşqçi məni “Bakı”da oynatmayacaq. Özünün gətirdiyi yeni futbolçulara şans verəcək. Gəldim ki, formamı bərpa edim. Oyuna gəldikdə, komandamız yaxşı mübarizə apardı. Biz bir xal qazanmadıq, iki xal itirdik.

- Qarşılaşmadan öncə də bu cür suallar eşitdiyinizi dediniz. Bəlkə sizi təxribata çəkirdilər?
- Nə bilim, buna o qədər də inanmıram. Əslində, “Bakı”nın futbolçuları daha aqressiv görünürdülər. Biz futbol oynamağa çıxmışdıq. Onlar isə başqa niyyətdə idi. 90 dəqiqə ərzində rəqibin bizə qarşı nələr etdiyini matçı izləyənlər gördü.

- “Bakı”nın baş məşqçisi Milinko Pantiç müqavilə ilə bu kluba məxsus olan, amma “Rəvan”da çıxış edən futbolçuların meydana çıxmasından narazı qalmışdı...
- Bu, müqavilədə öz əksini tapmalıdır. Müqavilədə olmasa da, klub rəhbərləri öz aralarında danışan zaman bu amili qeyd etməlidirlər. Əgər müqavilədə belə bir bənd yoxdursa, meydana niyə çıxmayaq?

- “Rəvan” qeyri-sabit çıxış edir. Cəmi bir qələbə qazanmısınız. Ən yaxşı halda, heç-heçələrin sayını artırırsınız. Bu, nədən qaynaqlanır?
- Hər bir komandanın çatışmayan cəhətləri olur. Komandaya öz istəyimlə gəlmişəm. Axır oyunlarda az top buraxırıq. Amma qol vurmaq şansımız da az olur. Bunun öhdəsindən gəlmək lazımdır. Bunu bacarsaq, işlər qaydasına düşəcək.

- Şahin Diniyevin sizdən əsas tələbi nədir?
- O, əvvəlcə də açıqlama vermişdi ki, fiziki hazırlıq istənilən səviyyədə deyil. Çalışır ki, bu problemi yoluna qoysun. Eyni zamanda, psixoloji durumu da düzəlməyə çalışır. Komanda aşağı pillələrdə qərarlaşan zaman heyətə yaxşı futbolçular toplasan da, nəticə ürəkaçan olmur. Şahin Diniyev deyir ki, öz oyununuzu oynayın. Məğlubiyyətlərdən sonra komanda toparlana bilmirdi. Yavaş-yavaş özümüzə gəlirik. Düzdür, digər klublarla müqayisədə futbolçularımızın səviyyəsi aşağıdır.

- Son oyunda özünüzü Panticə sübut etməyi bacardınızmı?
- Sübut etməyə ehtiyac yoxdur. Pantiçin rəhbərliyi altında yayda Avstriyada toplanışda oldum, yoldaşlıq oyunlarında iştirak etdim. Kapitan sarğısını mənə həvalə etmişdi.