Nazim Süleymanov: Bu xəbər haradan çıxıb? - MÜSAHİBƏ
30.10.2013 - 12:49
Nazim Süleymanov: Bu xəbər haradan çıxıb? - MÜSAHİBƏ
“Neftçi” klubunun baş məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının XII turunda “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu görüşə hazırlıqlar hansı qaydada gedir?
- Normal, öz qaydasında. Digərlərinə necə, “Xəzər Lənkəran”la matça da elə hazırlaşırıq.

- Vacib qarşılaşma öncəsi cəzalı futbolçularınız varmı?
- Xeyr, yoxdur. Ötən dəfə Araz Abdullayev “Simurq”la matçı buraxmışdı. Ancaq o, cəzasını başa vurub və bu tur oynaya bilər. Zədəli isə “Xəzər Lənkəran”la Superkubok matçında ciddi zədələnən mərkəz müdafiəçimiz Karlos Kardosodur. Onun 2-3 həftə oynamayacağını demişiksə, deməli, hələ müalicə alır.

- “Xəzər Lənkəran”la oyuna komandanı xüsusi şəkildə necə kökləyirsiniz?
- Mən bütün komandalara qarşı necə hazırlıq keçirəmsə, indi də elə məşq keçirəm. Marafon uzundur. Sadəcə, bizim üçün növbəti oyundur.

- Cari mövsüm “Neftçi” “Xəzər Lənkəran”la 2 dəfə qarşılaşsa da, qələbə qazana bilməyib...
- Bilirsiniz, futbolda hər şey olur. 3 nəticədən biri mütləq olacaq. Sadəcə, çalışmaq lazımdır ki, lazım olan nəticəni əldə edək.

- Karyeranız ərzində ilk dəfə “Böyük oyun”a çıxırsınız...
- Siz jurnalistlər bu qarşılaşmanı böyük yox, lap böyük etmisiniz. Düzdürmü? Mən isə məşqçi kimi bu qarşılaşmaya təqvimdəki növbəti görüş kimi yanaşıram. Çempionat oyununda da xallar toplamaq lazımdır ki, finişə yaxşı gedəsən.

- Finişə yaxşı getmək üçün sizə yaxşı köməkçi də lazımdı. Belə bir xəbər yayılıb ki, fiziki hazırlıq üzrə məşqçi kimi Gəray Qarayevi heyətə cəlb etmək istəmisiniz. Ancaq Böyükağa Hacıyev buna razılıq verməyib...
- Bilmirəm, kimə əsasən belə yazırlar. “Neftçi”də baş məşqçi mənəm. Əgər baş məşqçi mənəmsə və belə bir söz deməmişəmsə, bu xəbər haradan çıxıb?

- Hər halda, mətbuata da məlumatlar sızır. Xatırlayırsınızsa, təyinatınız rəsmiləşməmişdən öncə “Neftçi”də işləyəcəyiniz barədə xəbərlər yayılmışdı. Siz bunu təkzib etsəniz də, sonda jurnalistlərin yazdığı xəbər düz çıxdı...
- Yox, yox, belə bir şey olmayıb.

- “Neftçi”də ilk mətbuat konfransı zamanı demişdiniz ki, fasilədən sonra yeni köməkçi məşqçiləriniz olacaq. Onlardan birinin Gəray Qarayev olacağı inandırıcıdır. Çünki AZAL-da sizin köməkçilərinizdən olub...
- Nə olsun ki, AZAL-da bir yerdə işləmişik? Bəli, işləmişik. Burda nə var ki? AZAL-da çox məşqçi ilə işləmişəm. Gərək hamısını bura gətirək? Ümumiyyətlə, başa düşmürəm ki, Böyükağa Hacıyev mənim işimə niyə qarışmalıdır ki?

- O, klub prezidenti Sadıq Sadıqovun müşaviridir. Əgər müşavirdirsə, onun da bu baxımdan söz demək haqqı var...
- Yox, belə deyil. Komandaya gələndən bəri görürəm ki, o heç bir işə qarışmır. Nə də ki məşqlərə gəlir...

Səbuhi TOFİQOĞLU