“Boş qapı kralı”nı özündən çıxaran “comment”lər…
30.10.2013 - 14:20
“Boş qapı kralı”nı özündən çıxaran “comment”lər…
“Facebook” gündəlik məişət həyatımızın bir hissəsinə çevrilib. Hətta deyərdim ki, bu sosial şəbəkəni elə aktuallaşdırmışıq ki, özümüz də istəmədən canımıza bir xəstəlik kimi hopub.

Adamlar var ki, onunla nəfəs alır. Adamlar da var ki, onunla yemək yeyir. Hətta elələri də var ki, yatarkən kəlmeyi-şəhadətindən öncə gördüyü son iş mobil telefonunda “Facebook”a baxmaq olur. Nə var, nə var kişi bir şəkil yerləşdirib və gözləyir ki, bu şəkilə nə qədər “comment” və ya “like” gələcək...

Belə bir hadisə Cavid İmamverdiyevin də başına gəlib. “Neftçi”nin futbolçusu Naxçıvanda Duzdağa ziyarətindən sonra elə duz yığıb ki, məzəli bir şəkili öz “Facebook” ünvanında yerləşdirmək qərarına gəlib. Şəkildə onun hansısa bir toy məclisində (hər halda, divar “oboy”undan bunun şadlıq sarayı olması özünü büruzə verir) bir nəfərin baş nahiyəsindən öpməsi əks olunub.

Deyə bilərsiniz ki, öpüb, öpüb də. Dünya dağılmayıb ki? Razıyam. Dünya praktikasında baş və adını çəkmək istəmədiyim digər nahiyələrdən belə öpmə halları çox olub. “Facebook”, “Twitter” və ya “İnstagram”da belə şəkillər paylaşanları az görməmişik. Ancaq şəkilin qoyulma tarixinin oktyabrın 28-ni, yəni dünəni göstərməsi hər şeyin əndazəsindən çıxmasına gətirib çıxarıb.

Yada salım ki, bu tarixdən öncə “Neftçi” Superkubokda məğlub olub. Özü də bu məğlubiyyət əzəli rəqib “Xəzər Lənkəran”la oyunda alınıb. Özü də bu məğlubiyyət klub prezidentinin doğulub boya başa çatdığı Naxçıvanda alınıb. Özü də bu məğlubiyyət 10 nəfərlə qalmış “Xəzər Lənkəran”dan alınıb. Özü də bu məğlubiyyət “Neftçi” məşqçilərinin istefasına səbəb olub... Bu “özü də”lərin sayını çox artıra bilərəm.

Amma hələ “Simurq”la matç da var. Oktyabrın 28-dən bir gün öncə “Neftçi” özündən qat-qat zəif təsir bağışlayan zaqatalalılarla bacara bilməyib və bununla, yeni baş məşqçi Nazim Süleymanovun debütü korlanıb. “Simurq”la oyunda topu “çərçivə”dən başqa hər yerə çırpan İmamverdiyev isə ardınca belə şəkil yerləşdirməklə, özü də bunu profil şəkli etməklə özünü gülünc yerə qoyub.

Bizim qəhrəmanımız da dünən gecə yatarkən öz profilinə qoyduğu şəkilə hansı şərhlərin yazılmasını görmək istəyib. Elə çarpayısına uzanıb ki, şəkilə tərifdən (bunun da dost-tanışları olduğuna əminəm) çox, tənqidlərin yağdığını görüb. Son oyun ərzində “Neftçimaniya” fanklubundan “boş qapı kralı” ləqəbi ilə mükafatlandırılan İmamverdiyevin həmin şəklinə gələn “comment”lərin nə səviyyədə olacağını isə özünüz ehtimal edin.

Bax, ay Cavid, belə şəkil sənə lazım idi?

Səbuhi TOFİQOĞLU